5 iyun 2020, cümə
.
.
chevron_left chevron_right
KİTABLAR

Nikola Teslanın gündəliyi: elektrik enerjisinin naqilsiz ötürülməsi – dünyəvi sistem

Nikola Teslanın gündəliyi: elektrik enerjisinin naqilsiz ötürülməsi – dünyəvi sistem

401 Baxış
Nikola Teslanın gündəliyi: elektrik enerjisinin naqilsiz ötürülməsi – dünyəvi sistem

Bu parlaq ideyanın mahiyyətiylə bağlı dəfələrlə məlumat vermişəm, lakin indi o barədə demək olar hər şeyi unutmuşam. Maraqlananlar məqalələrimə müraciət edə və ya “Dünyəvi Sistem” broşuruna  nəzər sala bilərlər. İndi isə bu ideya barədə iki kəlməylə məlumat verib necə həyata keçirilməli  və niyə həyata keçirilmədiyi barədə danışacağam. Zamanında  “Dünyəvi Sistem”lə bağlı başqa ixriralarımla müqayisədə daha çox şaiyələr dolaşmaqdaydı, hərçənd onların çoxu həqiqətin heç yarısını da əks etdirmirdi. Həqiqətin yarısı bariz yalandan daha pisdir. Çünki inamsızlıq yaratmaqla bərabər həm də inam tələb edir.

Bir dəfə bəzi şərtlər altında adi vəziyyətdə əla təcridedici olan atmosferin hər hansı bir elektrik enerjisi ötürməyə qadir olan bir şüurun xüsusiyyətlərini əldə etdiyinin fərqinə varmışdım. Bu müşahidəni nəzəri və təcrübi şəkildə inkişaf etdirərək, Yerin atmosferiylə birlikdə eyni dalğa  sisteminə birləşdirəcəyim təqdirdə enerji mənbələrini bütün dünyaya ötürə biləcəyimi anladım. Yer kürəsi, üzərində yaranan xüsusi dalğalar sayəsində həmçinin aparıcı xüsusiyyətlərə də malikdir. Fikrimi Yer planetini əhatə edən və müəyyən bir tezliyin atmosferə axıdılmasını təmin edən dayanıqlı bir elektromaqnit dalğasını  qıcıqlandırmaqla həyata keçirdim. Təxminən yüz min at gücündə və yüz futdan artıq uzunluqda elektromaqnit dalğaları üzərində sınaqlar uğurla nəticələndi, bu isə ideyanın daha uzun məsafələr üzərində tətbiq edilməsinin mümkünlüyünü göstərirdi. Naqillərlə ötürülməylə müqayisədə nəzərə alınmayacaq dərəcədə az enerji itkisinə yol verilirdi, ona heç əhəmiyyət verməyə dəyməzdi. Mənim sistemimim tətbiqi zamanı məsafəyə görə cüzi inerji itkisi olacaqdı, naqillərlə ötürülmə zamanı isə bu hər kvadrata görə hesablanırdı. Yüzdə bir nisbətində itki on mində bir nisbətində itkidən dəfələrlə sərfəlidir. Dünyanın istənilən nöqtəsində, istənilən adam, radiatorun tezliyinə uyğun gələn, müəyyən bir tezliyə uyğunlaşdırılmış kiçik ölçülü alıcıya çevrilərək  zəruri miqdarda  qədər elektrik sərf edən alıcıya çevrilir.

Bəşəriyyət artıq naqilsiz ötürmələrinin əhəmiyyətini anlamağa başlamışdı, bu səbəbdən enerjinin bu yolla ötürülməsinin etibar qazanacağına ümid edirdim. Uzucluqdan və rahatlıqdan cazibədar təklif ola bilərmi? Əvvəlcə ideyamın geniş həyata keçirilməsi üçün beş rezenator qülləsi qurulmalı olduğunu düşünürdüm, lakin tezliklə onların sayını otuza qədər artırmalı olduğuma qərar verdim. Qüllələrdə quraşdırılan paylaşdırıcılar atmosferdə müəyyən tezliyin yaranmasına səbəb olacaqdı.  Qüllələrin altında, torpağa mütləq yağla təmin edilmiş kanallar yerləşdirilməliydi. Güclü nasoslar vasitəsiylə vurulan yağ torpağa ötürüləcəkdi. Beləliklə etibarla qorunan xüsusi qapalı sistem yaranmış olacaqdı. Mən elektrik enerjisiylə yanaşı radiodalğaların ötürülməsini də həyata keçirmək istəyirdim. Fikrimcə, xalqların daha da yaxınlaşmasında və məlumatların daha sürətli ötürülməsində radiodalğaların tayı-bərabəri yoxdur.

Layihə 1898-ci ilin sonunda hazır oldu. Maliyyəçilərlə işləməkdə böyük təcrübəyə malik olduğumdan  bütün detalları diqqətlə araşdırmışdım. Xərclər yuxarı və aşağı həddə nəzərdə tutulmuşdu, gəlirlər isə ancaq təxminən göstərilə bilərdi. Lakin bu şərtlər belə mənim layihəmin ağlagəlməz gəlir gətirəcəyini vəd edirdi.

Məni öz qazancım maraqlandırmırdı. Bəşəriyyətin həyat şəraitini  yaxşılaşdıracaq bir sistem qurmaq istəyirdim. “Bir gün özüm olmayacağam,- deyə düşünürdüm. –Amma Dünyəvi Sistem mənim Yer üzərində abidəmə çevriləcək”. Əsas olan ilk qüllənin tikilməsiydi. O işə düşüb öz üstünlüyünü nümayiş etdirməyə başlayanda heç kimdən nəsə istəməyə  və kimisə nəyəsə inandırmağa ehtiyac qalmayacaqdı. Sərmayəçilər özləri mənimlə əməkdaşlığa can atacaqdılar. Lakin layihə hələ kağız üzərində olduğundan indi nəsə xahiş etməli və inandırmağa məcburdum. Belə olan halda heç kimin eksprimental labototoriya modeliylə razılaşmayacağını izah etməyə ehtiyac varmı? Bizə əsl fəaliyyət göstərən qüllə lazımdı.

Mən ilk növbədə bədbəxt Con Astora (Söhbət  Titanik qəzaya uğrayan zaman vəfat edən məşhur Astor nəslinin nümayəndəsi Amerika milyonçusu  Dördüncü (1864-1912) Con Yakob Astordan gedir) müraciət etdim. İndiyə kimi onu və qaranlıq buz kimi okeanda boğulan başqa insanları düşünəndə ürəyim sıxılır. Mən çox yaxşı üzürəm, heç zaman çaylardan və göllərdən qorxmamışam. Lakin okean xilas yolu olmayacaq qədər genişdir. 

Astoru seçməyimə səbəb onu bütün başqa varlı dostlarımdan çox bəyənməyimlə bağlıydı.  Əslində o, öz yerində olan yeganə insandı. Bir ixtiraçı olaraq həm də fantastik roman yazacaq qədər zəngin təxəyyülə sahibdi (Velosiped əyləcinin ixtirası John Astorun adıyla bağlıdır. O, həmçinin  batareyanın və baraban  tipli daxili yanma mühərrikinin yaradılmasında iştirak etmişdi. 1894-cü ildə Astorun “Başqa Dünyalara Səyahət” adlı elmi – fantastik  romanı nəşr olunmuşdu). Mənim ideyamı yalnız belə bir təxəyyül sahibi olan mühəndis-ixtiraçı qiymətləndirə bilərdi.  Astorun işləri yaxşı gedirdi. Bunu mənim  23 il yaşadığım dəbdəbəli otelə  nəzər salmaqla da təsəvvür etmək olardı (Con Astor 1897-ci ildə Nyu-Yorkda dünyanın ən dəbdəbəli  otellərindən biri “Astoria Otel”i tikdirmişdi. Otel, Con  Uilyamın qardaşı tərəfindən tikilmiş “Waldorf”otelinə  birləşdirilmişdi.  Hər iki bina eyni üslubda tikilərək keçid vasitəsiylə bağlanmışdı, buna görə də bir otel sayılmış və "Waldorf-Astoria" adlandırılmışdır. Nikola Tesla 1897-ci ildən 1920-ci ilədək bu mehmanxanada yaşayırdı. Otel 1929-cu ildə sökülüb  yerində məşhur "Empire State Building" göydələni tikildi. Müasir “Waldorf-Astoria” oteli sonrakı dövrlərdə  inşa edilib.). Biz artıq Astromla bəzi işlər həyata keçirmişdik, o, “Tesla Arc İşıqlandırma Şirkəti”nin sərmayəçilərindən biriydi və biz bir-birimizə dərin hörmət bəsləyirdik.  

Astor mənim planımla tanış olduqdan sonra: “Otelimə qoyduğum hər dollar mənə artıq iyirmi dollar gəlir gətirir,- dedi.- Siz 250 000 dollar istəyirsiniz?”. “Qüllə sizə 5 000 000 deyil, 50 000 000  dollar gətirəcək!”- deyərək planımın gəlirlə bağlı detallarını qısaca sadaladım. Niaqara şəlaləsindən Buffaloya kimi çəkilən naqillərin çəkilməsi üçün tələb olunan məbləği misal gətirib təkcə Şimali Amerika üçün nə qədər xərc tələb olunacağını diqqətə çatdıraraq radiosiqnalların okeanın o tayına çatdırılması barədə danışdım. Astor lampalarla bağlı məsələni anladığını söyləyirdi. Bu elə otel işi kimiydi, amma mənim qülləmlə bağlı məsələ onda şübhə oyatmışdı. Mənə  bu plandan əl çəkib lampaların təkmilləşdirilməsiylə məşğul olmağımı təklif edirdi. Sanki bununla məni ələ salırdı. Necə yəni? Mən onun yanına mühəndislik tarixinin ən böyük layihəsiylə gəlmişəm, o isə öz lampalarımla məşğul olmağımı məsləhət görür. Bu nə axmaqlıqdır? Ona ağır sözlərlə cavab verməyi düşünürdüm, amma düz yol seçərək səbrimi qorudum. Astor məni ələ salmırdı. Sadəcə onun ağlı bu cür  ideyaları  dərk etmək  gücündə deyildi. Lakin istənilən halda mənim barəmdə nəhəng Morqanla danışdığı üçün ona minnətdaram. Düzdür, bu əhvalat  bir az zarafata salınıb deyilmişdi, amma istənilən halda Morqanın diqqətini cəlb etmişdi. Məni böyük şərəfə layiq bilib onun Nyu- York Birja Mərkəzindəki  iş yerinə dəvət etdilər. İş dünyasının bütün nəhəngləri zamanı yüksək qiymətləndirirlər, lakin Morqan buna hamıdan çox fikir verirdi. O, təsadüfən kiminləsə şəxsən görüşürdü,  bütün işlərini köməkçiləri və yazışmalar vasitəsiylə idarə edirdi.

Bu yerdə tarixi ardıcıllığı pozaraq Morqanın layihəni maliyyələşdirilməsini dayandırmasından sonra baş verənlərə keçməyə məcburam. Morqan onu peşman etdiyimi, radiodalğaları okeanın o biri üzünə ötürəcək qüllə quracağımı vəd edib, əvəzində başqa bir işlə məşğul olduğumu iddia etdi. Bu sözlər dərhal jurnalistlərin və mənim düşmənlərimin diqqətini  cəlb etdi. Baş verənlər mənim nüfuzumu və etibarımı ciddi şəkildə zədələyirdi, bundan sonra hansısa sərmayəçinin mənə pul ayıracağına inanmaq mümkün deyildi. Artıq Amerikada heç kim “Morqanı aldatmağa cəsarət edən” adamla ortaq iş barədə razılaşa bilməzdi.

Əslində məsələnin deyildiyi kimi cərəyan etmədiyini söyləməyin vaxtı gəlib çatıb. Morqanın kim olduğunu hamı, həmçinin mən də bilirdim.  O, böyük bir yırtıcıydı. Yoluna çıxan hər bir şəxsi parçalamağa və udmağa hazırdı. Gəlirlərini kiminləsə bölüşmək fikri onu özündən çıxarırdı, əmr verməyi sevir və heç kimlə danışıb razılaşmağı xoşlamırdı. Vestinqauz məni böyük miqyasda aldatmışdı, lakin ortaqlığımız dövründə heç zaman əlimi boş qoyub məni işdən ayırmağa cəhd etməmişdi. Etdiyi hər şey önun vicdanına qalıb, lakin məni aldatsa da heç zaman qapısını üzümə bağlamamamışdı. Astorla da yaxşı yola gedirdik. O işə pulunu, mən isə ağlımı sərf edirdim, hamı da razı qalırdı. Lakin “Tesla Arc İşıqlandırma Şirkətində” son söz haqqı həmişə məndə olurdu. Astor heç zaman başda dayanmağa can atmırdı. Onun bunsuz da işləri başından aşırdı. Üstəlik, o heç zaman doğru qərarlar vermədiyimə və yalan danışmadığıma etibar edirdi.

Morqan- başqa məsələydi. Mən oun pul verəcəyi halda hər şeyi öz hakimiyyəti altına alacağını yaxşı anlayırdım. Mən bu işdə olsa olsa texniki məsləhətçi mövqeyində dayana bilərdim. Morqanın işləri necə idarə etməsi barədə çox eşitmişdim. O təkcə rəqiblərini deyil, ona heç bir təhlükə yaratmadan azacıq əsəbləşdirən bütün adamları da məhv edirdi. Nahar zamanı kimdənsə narazı qalması, lazım olmadığı halda restoranı satın alıb bütün işçiləri küçədə qoymasına kifayət edirdi. Morqanın yanına gedərkən boynumu şirin ağzına qoyduğumu çox yaxşı başa düşürdüm.

Morqan artıq bir dəfə məni ələ almağa cəhd etmişdi. Laborotoriyam yanandan sonra Edvard Dina Adams vasitəsiylə ondan təklif almışdım. Adams Niaqara Elektrik Stansiyasının təşəbbüskarlarından biriydi. Yanğın baş verməmişdən bir müddət əvvəl biz Adams və onun oğlu Ernestlə, Alfred Braun və başqa bir neçə nəfərlə birləşərək elektrik maşınlarının və başqa məhsulların satışıyla məşğul olacaq bir şirkət yaratmışdıq. Həmin dövrdə Vestenqauzla aramızda yaranan soyuqluq səbəbiylə az qala bir ilə yaxın müddətdə yeni şirkət qurmaq barədə fikirləşirdim.

Yanğından sonra Adams ancaq onun və oğlunun təmsil olunacağı başqa bir şirkət yaratmaq təklifiylə müraciət  edib  başlanğıc üçün 500 000 dollar təklif edib bunu ardıcıl şəkildə davam etdirərək daha böyük məbləğdə pul ayıracağını vəd etdi. “Pul barədə fikirləşməyə bilərsiniz!- xüsusi pafosla deyirdi. – Siz ancaq iş barədə düşünün. Daha çox ixtira edin!”

Mən bu: “Pul barədə heç nə düşünmə!” vədiylə neçə dəfə qarşılaşmışam! Yox, puldan  zəhləm getsə də, həmişə bu barədə düşünmək lazım gəlirdi. Mən Adamsın öz cibindən yarım milyon çıxardıb qoymaq gücündə olmadığını yaxşı bilirdim. Özünün bütün varidatı yarım milyondan bir az artıq olardı. Onları da indi geri ala bilməyəcəyi müxtəlif müəssisələrə cəlb etmişdi.  Onun Morqanla yaxın  olduğunu bilirdim (bunu hamı bilirdi),  bu səbəbdən də yeni şirkət ideyasının hardan qaynaqlandığını dərhal başa düşmüşdüm. Morqan Niaqara Elektrik Stansiyasının sərmayəçilərindən biri olmuşdu.

Mən, Morqanın əlində alət olmamaq üçün təklifdən imtina etmişdim. Təklifinin hələ də etibarlı olduğunu göstərmək üçün Adams mənə laborotoriyamı bərpa etmək üçün 40 000 dollar vermişdi. Bütün işlər görülüb qurtardıqdan sonra isə pulu geri götürməkdən imtina etmişdi, lakin mən pulun Morqana məxsus olduğunu bildiyimdən onu son sentinə kimi qaytarmışdım. 

“Dünyəvi Sistem” layihəsini hazırlayan zaman Morqan barədə qətiyyən düşünməmişdim. Astorun layihəyə pul ayıracağına 99 faiz əminliyim vardı. Bir faizi isə Vestenqauz üçün saxlamışdım. O, bütün planı maliyyələşdirə bilməsə də mənə yeni şirkət yaratmaqda kömək edə  bilərdi. Vestinqauzun işgüzar xeyirxahlığı barədə bilməyən yoxdu. O, hansı işə razılıq verirdisə, başqaları da ardınca gedirdilər.

Mən öz “Dünyəvi Sistem”imi Morqan ailəsinin cibini doldurmaq üçün deyil, bəşəriyyətin rifahı naminə həyata keçirmək istəyirdim. Morqana görə başıma nələr gələ biləcəyini təsəvvür edə bilirdim. Ayırdığı maliyyə vəsaitinin əvəzində əl-ayağımı bağlayacaq şəkildə zəmanət tələb edəcəkdi. Bütün şirkətə nəzarət paketi, bütün patentlərin girov qoyulması  və başqa şeylər tələb olunacaqdı. Üstəlik onun vəkilləri bunu yerli-yerində elə nizamlayıb məni istədikləri anda başlarından edə biləcək şəkildə hüquqi şəkildə əsaslandıracaqdılar. Morqanın yanına yollanmazdan əvvəl bütün gecəni və səhəri götür-qoy etdim. Heç bir iş görmədən oturub “xeyrimə” və “ziyanıma” olacaq hər şeyi fikirləşdim. Bunun, yeganə çıxış yolum olduğunu başa düşürdüm. Lakin yaxşı bilirdim, Morqana bütün “Dünyəvi Sistemi” nəzarəti ələ keçirməsinə imkan vermək olmazdı.

Atam: ”Canavar keçməyən yerdə ilan sürünər”- deyərdi. Mən Morqana  sistemlə bağlı planımın ancaq dünyəvi radio əlaqəylə bağlı hissəsi barədə danışmaq  qərarına gəldim. Astorun ona bütün planla bağlı  təfərrüatlardan söz açmadığını düşünürdüm. Birincisi, o, özü işlə elə də yaxından maraqlanmamışdı, ikincisi, Morqan mühəndis deyil, sadəcə bankir, sərmayəçiydi.

Mən öz qorxularımda haqlı çıxdım. Uzaq məsafələrə radiodalğaların ötürülməsini  bəyənən Morqan, doqquz ay sonra işi təhvil götürəcəyinə  zəmanət verəcəyim təqdirdə 150 000 dollardan bir sent də artıq verməyəcəyini bildirərək pul ayıracağına söz verdi. Düz iki dəfə, heç bir şərt daxilində ondan artıq pul ala bilməyəcəyimi təkrarladı. İşə başlamaq üçün nəzərdə tutulan 150 000 dollar çox kiçik məbləğdi.  Mən bunu 250 000 dollar olaraq hesablamışdım. Amma başqa çıxış yolu yoxdu,  razılaşmaqdan başqa əlacım qalmırdı, Morqan dərhal əlimi qolumu bağlamağa başladı. Morqanın balıq ovuna bənzəyən iş üslubu vardı, yemi qoyub tilovu atır və onu udan balığa öz şərtələrini diqtə etməyə başlayırdı.  Hamı Morqanın ikinci təklif irəli sürmədiyini və imtinanı təhqir hesab etdiyini bilir və onunla razılaşırdı. Mən də qəbul etməli oldum. Radioyla bağlı patentimi Morqana girov kimi təqdim edərək ötürülən və qəbul edilən xəbərlərin yayılmasıyla məşğul olacaq şirkətin səhmlərinin 51 faizinin ona məxsus olacağıyla bağlı razılığa gəldik. Mən məsələnin bununla bitəcəyini gözləyirdim, lakin Morqan: “Olmayan şirkətə nəzarət paketi azdır. Mən sizə pulu dərhal verdiyimdən həqiqi zəmanət tələb edirəm. Məsələn bu sizin “Tesla Arc İşıqlandırma Şirkəti”nizin nəzarət paketi ola bilər”- deyərək şərtlərini davam etdirdi.

O anda ağllı tərpənib Morqanı  planın digər hissələriylə  tanış etmədiyim üçün özümdən razı qaldım. “Dünyəvi Sistem”ə bütün nəzarəti ələ keçirəcəyi təqdirdə planetinin elektrik hakimliyinə yiyələnəcək və bütöv xalqları öz iradəsinə tabe etməyə çalışacaqdı.

“Mən bunu öz ortaqlarımla müzakirə etməliyəm” - dedim. Bu zaman əsas şəxs kimi Astoru nəzərdə tuturdum. “Mən sizin ortaqlarınınz barədə soruşmuram. Sadəcə şirkətinizin nəzarət paketini mənə verib-verməyəcəyinizi bilmək istəyirəm”- Morqan kobud səslə sözümü kəsdi.

Həmin dövrdə mənim ixtiralarım və Astorun idarəçiliyi sayəsində şirkətimiz Nyu-Yorkun əsas  küçələrinin işıqlandırılmasında liderlik edir və həmin iş yaxşı qazanc gətirirdi. Bu, Morqan üçün cəlbedici tikəydi. Əlimə ikinci belə fürsət düşməyəcəyini bildiyimdən şərti qəbul etdim. Bunu Astora necə deyəcəyimi düşünüb- daşınırdım, lakin o, mənim vəziyyətimi başa düşdü,  bir kəlmə: “Nə etməli, Morqan, elə Morqandır”- deyərək heç bir maneçilik törətmədi.

Morqanın kabinetini tərk edəndə məni  ortalığa pul qoymağa məcbur edilmiş qumarbaz hissi bürümüşdü. Layihəmin həyata keçməsi xətrinə böyük cəsarət göstərdiyimi bilirdim.  Lakin “Dünyəvi Sistem” buna dəyərdi. Gözlədiyimdən 100 000 dollar az ala bilməyim məni narahat etsə də, Morqanın adı istənilən bankın kredit qapılarının üzümə açması deməkdi. Daha dəqiq desək, o zaman açıq olduğunu düşünürdüm. 45 yaşımın astanasında olmağıma, artıq yaşlanmağa doğru getməyimə  baxmayaraq maliyyə məsələlərində yaşıma yaraşmayacaq dərəcədə sadəlövh olaraq qalmışdım.

Morqanla 1901- ci ilin bir martında müqavilə imzalayaraq bunu Astorun otelinin restoranında banketlə qeyd etdik. Qonaqlıq tamamilə məqsədliydi. Mən bunun sayəsində diqqət cəlb etmək və əlavə maliyyə mənbələri tapmağa ümid edirdim. Lakin jurnalistlər bu hadisəni sükutla qarşıladılar, qonaqılığa çəkilən xərc demək olar boşuna getdi. Amma sevinc və həyəcan içində olduğumdan bu məni elə də narahat  etməmişdi.  Nəhayət həyatımın ən böyük işinə (bu iş isə “Dünyəvi Sistem” deməkdi) imza atacaqdım. Əlimdəki 150 000 sərf olunandan sonra Morqanın xərclədiyi pulların xətrinə lazım olduqca əlavə pul ayıracağına da ümid edirdim. Onun “bircə sent də artıq olmayacaq” sözlərini məni məsuliuyyətli olmağa məcbur etmək üçün söylədiyini düşünürdüm. Öz- özümə:“Ondan həmişə kimlərsə pul istəyir, həmişə də daha çox qopartmağa çalışırlar, ona görə də özünü belə göstərməyə məcburdur”- deyirdim. Sevincdən (və şübhəsiz şərabın təsiriylə) gəldiyim nöqtə hətta məni qonaqlıqdan dərhal sonra Morqana bu gün də xatırlayanda xəcalət çəkdiyim gurultulu minnətdarlıq məktubu yazmağa vadar etmişdi. Onu “nəcib”, “səxavətli”, “ geniş ürəkli” adlandırmağım məni öz-özümdən utandırır. Geniş ürəyə sahib olmaq və Morqan, nəciblik və Morqan- bu elə Teslaya əxlaqsız adam deməyə bənzəyir.

Hər halda bir yolunu tapıb işləri yoluna qoya bildik. İlk stansiyamı Niaqara şəlaləsinə yaxın bir yerdə qurmaq istəyirdim. Mən stansiyanın hazır olduqdan sonra bütün Amerikanı, bütün qitəni, hətta bütün dünyanı elektrik enerjisiylə təmin edəcəyini təsəvvür edirdim. Hesablamalarıma görə bu gün Niaqaranın gücünün ancaq 6, 5 faizindən istifadə olunur. Bu gün deyərkən 1942- ci ili nəzərdə tuturam, indi təkcə Yeni İngiltərə (Yeni İngiltərə Birləşmiş Ştatların şimal–şərqində yerləşib Konnektikut, Massaçuest, Rod- Aylend və Vermont ştatlarıyla həmsərhəd olan ərazi) stansiyası 1900- cü ildə bütün dünyanın tələbatını ödəyən miqdarda enerji istehsal edir. Lakin çoxlu məsləhətləşmələrdən sonra qüllənin Nyu-York yaxınlığında inşasına qərar verildi (O zamankı Nyu-York şəhərindən təxminən 60 kilometr aralı). Bu daha işlək təklifdi, çünki tədricən qüllənin ətrafında alimlərin və mühəndislərin məskunlaşacağı yaşayış sahəsi salınmalıydı. Şəlalədən əldə olunan enerjinin  ötürülməsi  bu yaşayış ərazisiylə Nyu-York arasında əlaqə yaratmaqdan daha sərfəliydi.

Lonq-İslandda Şorhem dəmir yolu stansiyası yaxınlığında 200 akr (Təxminən 81 hektar. (tərcüməçinin qeydi) ) ərazi alıb onu torpaq satıcısının-Ceyms Uordenin  adının şərəfinə “Uardenkleyff” (“Uardenkleyff” (Teslanın verdiyi ad) ingilis dilində «Warden’s cliff» – «Uorden uçurumu” mənasını verir) adlandırdım. Mən qiyməti daha 5000 aşağı salmağa çalışır, satıcı isə yola gəlmirdi. Belə olan halda ona dedim: “Siz qiyməti aşağı salırsınız. Mən isə sizin adınızı gələcək nəsllər üçün əbədiləşdirəcəyəm”. Bundan sonra razılığa gələ bildik.

Ərazinin satın alınması zamanı pula qənaət edə bilsəm də, qüllənin tikintisinə başlamaq böyük vəsait tələb edirdi. Tapşırıq çox ciddiydi, Nyu-Yorkun ən tanınmış memarı ( başqa sözlə desək amerikan) Stenford Uayt və onun ortağı məni layihə və tikintinin qurulmasına nəzarət üçün 14 000 dollar soyub taladılar( bunu başqa sözlə ifadə etmək mümkün deyil). Lakin istənilən halda onlar taxta qülləni başında 60 metr yüksəklikdə 55 tonluq radiatoru saxlayacaq qədər güclü dayanıqlı şəkildə qurdular. Hətta 1917-ci ildə qülləni sökmək istəyəndə bunun üçün onu partlatmaq məcburiyyətində qaldılar.

Qüllənin qurulması işi belə mürəkkəb quruluşa rəğmən böyük sürətlə davam edirdi, lakin doqquz ay işin başa çatdırılması üçün kifayət etmədiyindən 1902-ci ildə Morqandan əlavə vaxt istəməli oldum. O, razilaşıb müddəti daha doqquz ay uzatdı və məbləği 200 000 dollara qaldırdı. Düzdür, o məni gərginlikdə saxlayır, amma güzəştlər də edirdi. “Hətta bu nəhənglikdə iş adamlarının ürəyində  belə deyə düşünürdüm - mənim “Dünyəvi Sistem kimi layihələrimlə qarşılaşanda nəsə oyanır”. Dünyaya sadəlövh gəlmişəm, sadəlövh də öləcəyəm.

Morqan 1902-ci ilin sentyabrdında tikintinin yeraltı hissəsiylə birlikdə hazır olduğu və qübbənin quraşdırıldığı məqamda maliyyə təminatını kəsdi. Yalnız avadanlıqların quraşdırılması qalmışdı, bundan sonra işə başlamaq olardı! Mənim öz hədəfimə yetişməyimə cəmi bir addım qalmışdı! Ümidsizliyimi və qəzəbimi təsəvvür edə bilərsiniz!

Morqanın qərarı eyni zamanda bir neçə faktorla bağlıydı. Onlardan birincisi Markoninin 1901-ci ilin dekabrında oxşar transatlantik əlaqələrin  uğurla sınaqdan keçirilməsiydi. Bəzən səhv etmək faydalıdır (Həmin dövrdə bir çox alim və ixtiraçılarln çoxu radio dalğaların ancaq naqillər vasitəsiylə ötürülə biləcəyinə inanırdılar. Markoni isə elektromaqnit dalğalarının həm yerin, həm də suyun altıyla tam itkisiz ötürülməsinin mümkün olduğunu irəli sürürdü. Əslində isə bu, mümkün deyil.  Transatlantik  radio rabitəsi qısa radio dalğalarının ionosferdən sıçramaq qabiliyyətinə və bütün dünyaya yayılma qabiliyyətinə görə reallaşa bilirdi). Markoni həftədə bircə gün işləyir, qalan günləri öz uğurları barədə danışmağa sərf edirdi. Fərasətli işgüzarlıq ixtiraçılıqdan sərfəlidir. Onlar ilk növbədə aşağı qiymət təklif edirdilər. Şübhəsiz, Morqan bunu gözdən qaçıra  bilməzdi.

İkincisi – Morqanın geniş xəbərçi şəbəkəsi iş başındaydı. Hərçənd olmasaydı təəccüb doğurardı. Morqan pullarının nəyə sərf olunduğunu nəzarət altında saxlamalıyıdı. Yeraltı hissə tikilib hazır olandan və onun ayrıca radio siqnallarının ötürülməsində xüsusi bir əlaqəsi olmadığına aydınlıq gəldikdə (onun enerjinin ötürülməsi üçün lazım gəldiyini xatırlatmalıyam) xəbərçilər həqiqətin alt qatına yol tapmağa çalışaraq tezliklə buna nail oldular. Mən planlarımı ən yaxın köməkçilərimdən gizlətmirdim. Onlar da görünür bunu öz növbələrəində başqa əməkdaşlara söyləyirmişlər. Həvəs üst səviyyədəydi, biz Böyük İşə hədəflənmişdik. Morqanın qüllənin əsl məqsədindən hələ 1901-ci ildə xəbər tutmaması qəribəydi. Məndən sui-istifadəçi düzəltmək mümkün deyil, nə yalan danışa bilir, nə də yalan danışana oxşayıram. Lakin Morqanın cəsusları texniki əməkdaşların arasında lərişləyirdi. Onlar mənim planımın mahiyyətini  dərk edəcək səviyyədə savada və təcrübəyə malik deyildilər. Bu səbəbdən onlar Morqana mənim təkcə havayla deyil, həm də yer altıyla siqnallar qəbul etməyə hazırlaşdığımı xəbər verdilər. Markoni radio siqnalların heç bir itkiyə məruz qalmadan Nyu-Yorkdan Sidneyə çatdırılmasını mümkün olduğunu iddia edirdi.

Üçüncü səbəb tikintidə baş verən ləngimələrlə bağlıydı. Mən doqquz ay sonra qüllənin hazır olub ilk siqnalları ötürəcəyinə söz verərkən layihədə sırf tikinti və dizaynla bağlı ortaya çıxacaq maneələrin müəyyən gecikmələr yaradacağını nəzərə almamışdım (Burada Strasburqdakı iş təcrübəmi xatırlatmağa dəyməz, çünki stansiyanın sadə binasını qüllənin mürəkkəb quruluşuyla müqayisə etmək mümkün deyil).

Morqanla danışmaq həmişə çətin başa gəlirdi, belə adamıydı, lakin onunla danışıb qüllənin tikintisinin 150 000 dollara başa çatacağına inandıra bildim. Mən ona işin dayanmaması üçün əlimdən gələn hər şey etdiyimi dedim. Bu doğruydu. Satıla biləcək hər şeyi satmış (alınmış torpağın bir hissəsi də daxil olmaqla), bankdakı bütün pullarımı götürmüşdüm. Bundan başqa əməkdaşların bir hissəsini ixtisar edib diqqətimi ancaq ən vacib işlərə yönəltmişdim. Mənim fədakarlığım Morqanın  eyninə deyildi, onun ümumiyyətlə heç nə eyninə deyildi. O, bunları  uğuruma arxayın olaraq etdiyimi, sadəcə narahatlıq göstərdiyimi düşünürdü. Pulun qalan hissəsini də verəcəyini vəd edib bundan sonra bir sent də görməyəcəyimlə bağlı xəbərdarlıq etdi. Söhbət zamanı qüllənin yeraltı hissəinin radiosiqnalların ötürülməsində bir əhəmiyyəti olub-olmadığını soruşdu. Ona elektromaqnit dalğalarının yerin altıyla da ötürülə biləcəyini, lakin indi bunun xırdalığına kimi izah edə bilməyəcəyimi dedim. O,  cavabımdan təəccüblənib sual verməyi dayandırdı.

Morqan sözünün üstünə dayandı. Vəd olunandan artıq bircə sent də ala bilmədim. Mən eyni zamanda həm onu dilə tutmağa çalışır, həm də başqa yerlərdən pul tapmağa çalışırdım. Lakin bütün səylərim boşuna getdi. Ona məktubla müraciət etməyə məcbur oldum, çünki mənimlə görüşməkdən imtina edirdi. 1903-cü ilin iyulu tam bir ümidsizlik içində qaldım. Ən böyük işim gözümün qabağında məhv olur və mən heç nə edə bilmirdim. Qüllə və laborotoriya boş qalmışdı (Qüllənin yaxınlığında laboratoriya binası da tikilmişdi). Belə olan halda  işi başa çatdırmağım üçün yeganə çıxış yolum qalırdı- bütün şərtlərlə razılaşıb “Dünyəvi Sistem”in idarəçiliyini bütünlüklə Morqanın nəzarətinə keçirilməsinə razılıq vermək qərarına gəldim. Morqan əbədiyaşar deyildi (həmin vaxtdan on il sonra öldü) və bütün dünyanı hakimiyyəti altına ala bilməzdi. Özümü bu yolla sakitləşdirib həmin ilin iyulunda Morqana planımın ikinci hissəsini ətraflı izah edən məktub yazdım. Mən bunu etməyə məcbur qalmışdım. Öz yalanıma, “Dünyəvi Sistem”in Morqanı  maraqlandıracağına inanırdım. Lakin yanılırdım. O,  daha mənə kredit ayrılmasının mükün olmadığını bildirdi. Bundan sonra daha bir neçə məktub yazdım (Teslanın Morqana yazdığı 3 iyul 1903- cü il tarixli məktubunda deyilirdi: “Bütün məlumatları diqqətinizə çatdırmamaqla bağlı üzrxahlığımı qəbul edin, lakin mənim başqa çıxış yolum qalmamışdı. Planı bütünlüklə təqdim etsəydim siz məni iş yerindəncə qovardınız... ”) ( indi ümidsizlik içində yazdıöğılm o məktublara görə özümdən utanıram), lakin nəticə dəyişmədi.

Astor mənə: “Sizin bəxtiniz gətirdi, əlinizdən alınacaq heç nəyiniz qalmayıb”- deyə təsəlli verirdi. Astorun sözlərində görə Morqanın məndən heç nə ala bilmədiyini düşünməliydim, lakin o mənim ən qiymətli xəzinəmi- “Dünyəvi Sistemi” əlimdən aldı. 

Mən güclü və kiçik barabanlı mühərriklərin təkmilləşdirilməsiylə məşğul olmağa başladım (İyirminci əsrin əvvəllərində Tesla təhlükəsiz baraban mühərriklərinin təkmilləşməsiylə məşğul olmaöa başlamış, lakin bu işdə uğur qazana bilməmişdi). Bu işdən müəyyən miqdarda pul qazanıb qüllənin quraşdırılmasını başa çatdıracağıma ümid edirdim.

Bundan sonrakı dövrlərdə planımı həyata keçirmək üçün sərf etdiyim səylər barədə ətraflı yazmayacağam. Zədələnmiş nüfuzumu bərpa edib yeni maliyyə cəlb edə bilmədim (burda Morqanın əli olduğu danılmazdır). Mənim layihəylə bağlı izahlarım Morqanın bu barədə rəyini üstələyə bilməzdi. Lakin 1912- ci ildə qüllənin tikintisinin davam etdirilməsiylə bağlı yeni ümidlər yarandı. Bir müddət  mühərriklərin təkmilləşdirilməsi işimə ata-oğul Hemmondlar pul ayırırdılar ( Söhbət Cənubi Afrikada mədən mühəndisliyi sayəsində varlanmış Con Hemmondun (1855 – 1936) oğlu, amerikalı sahibkar və  məhsuldan ixtiraçı (800- dən çox ixtira), “Nəzarət radioqəbuledicinin” atası hesab olunan hesab olunan  kiçik qardaş Con Heys Hemmonddan (1888 – 1965)- gedir). Dəqiq desək, oğlan çox istedadlı gənc mənim ixtiralarımla maraqlanır, atası isə pul verirdi. Mən oğlana bir neçə dəfə  “Dünyəvi Sistem” barədə danışmışdım. O, bununla maraqlanaraq  layihənin böyük gələcəyi olmasıyla razılaşdırdı. Bir neçə dəfə bu barədə atasıyla danışıb onun diqqətini cəlb etməyə çalışmışdı. Lakin ata Hemmond tərəddüd edirdi. Onlar nəhayət 1912-ci ildə mənə bu işə pul ayıra biləcəklərini, lakin əvvəlcə Morqanla görüşüb razılaşmalı olduqlarını deyəndə necə sevindiyimi təsəvvür etməzsiniz. Bunu  başa düşmək mümkündü, çünki iş rəsmən Morqanın öhdəsindəydi. Görüş baş tutdu, lakin mən onun nə ilə  nəticələndiyini bilmədim. Morqanın  Hemmondu bu layihədən çəkindirmək üçün dilə tutmasını, bəlkə də təzyiq göstərdiyini təsəvvür edə bilirəm. Görüşdən sonra Hemmondların mənə münasibəti dəyişdi. Onlardan  mühərriklərin təkmilləşdirilməsi üçün 28 000 dollar alacağımı razılaşmışdıq, lakin mənə cəmi 18 000 verdilər. Təsadüfən Conun kiçik qardaşı , kiçik Harris  mənə məktub yazmayana kimi zənglərimə başqa-başqa insanlar cavab verir, məktublarıma cavab yazmırdılar. O, məni mühərrikləri hazırlamamaqda ittiham etdi! Yaxşı işdir,  sən mənim görülmüş iş üçün haqqımı ödəmə, pulu ödənməmiş işləri yerinə yetirməməkdə qına! Condan kiçik qardaşı Harrisin ayıq olduğunu dəqiqləşdirməsəydim bun məktubun sərxoş başla yazıldığını düşünərdim. Hər dəfə Hemmondun iş yerinə gedəndə eyni: “Heç biri  işdə deyil”-cavabıyla qarşılanırdım. Onları qapıda gözləyərək özümü alçaltmaq istəmirdim. Baş verənləri əməkdaşlığımızın başa çatması kimi qiymətləndirdim. Buna Morqanın səbəb olduğunu yaxşı başa düşürdüm. Hemmond layihəmi maliyyələşdirmək qərarına gələnə kimi də bir neçə il tərəddüd etmişdi. Masa başında dərhal qəbul edilməyən qərarlar, sonradan çətinlik törədir. Bunu Morqandan başqa kim edə bilərdi? Morqan mənim layihəmi yarımçıq qoyub onun başa çatmasında iştirak etmək istəmədiyi kimi başqa adamların da mənə kömək etməsinə mane olurdu.

Morqan 1913- cü ilin aprelində öldü. Onun ölümüdən bir az əvvəl mən son dəfə (və yenə də uğursuz) cəhdə əl ataraq “Dünyəvi Sistemin” maliyyələşməsi üçün yollar axtarmağa başladım. İndi yalnız onun gələcək nəsillər tərəfindən həyata keçiriləcəyinə ümid etmək qalır.

 

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: teleavtomatlar


Müəllif: Hədiyyə Şəfaqət





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X