Slimfit
  1. AZƏRBAYCAN

Ömrünün ikinci əsrini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə

Ömrünün ikinci əsrini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə
Sakura

Ömrünün ikinci əsrini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə

Azərbaycanın dilbər guşəsi olan Naxçıvan həm də uzunömürlülər diyarı kimi tanınır. Qədim yurdun füsunkar, gözoxşayan təbiəti, təmiz havası, suyu, qızıldan qiymətli təbii ərzaq məhsulları burada yaşayan sakinlərin ömrünə ömür qatır. Onlardan biri də 114 yaşlı Gülxanım nənədir.

Kim 100 il yaşamasa...

Muxtar respublikanın Babək rayonunun Uzunoba kəndində yaşayan Gülxanın nənə həm də qədim diyarın ən yaşlı sakinləri sırasında yer alır. AZƏRTAC-ın Naxçıvan bürosunda muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzetinin müxbiri Nail Əsgərov ilə söhbət edərkən onun barəsində müəyyən məlumatları öyrənmişdim. Ancaq əsrə meydan oxuyan qəhrəmanımızı yaxından görmək daha maraqlı idi. Bu məqsədlə həmkarımla bərabər üz tuturuq Uzunoba kəndinə. Yolboyu muxtar respublikanın abadlaşan kəndlərini gördükcə insanın ürəyi fərəhlənir. Düşünürsən ki, bir sıra məsələlərin artıq öz həllini tapdığı bu gözəl təbiətli diyarda, gözəl insanların əhatəsində 100 il yaşamasan günah sənin özündə olar... 

Qısa zamanda Uzunoba kəndinə çatırıq. Şəhərdən fərqli olmayan asfalt yolla axtardığımız ünvana çatırıq. 114 yaşlı nənənin qızı Mədinə xanım bizi qonaqpərvərliklə qarşılayır, “xoş gəldin”, – deyib evə dəvət edir. Gülxanım nənəni görəndə nurani çöhrəsindəki ilıq təbəssüm, üzündəki ötən ömründə yaşadığı sevincin, kədərin izləri, gizlənən qırışlar diqqətimi cəlb edir.

– Salam, Gülxanım nənə, səni görməyə gəlmişik.

– Əleykümsalam, xoş gəlmisiniz, ay bala, ayaqlarınız var olsun, buyurun, keçin əyləşin.

– Əhvalınız necədir?

– Ay oğul, əlayam desəm, yalan olar, ömrümün, günümün bu çağında tam gümrah, sağlam görünməyim qeyri-mümkündür. Ancaq, şükürlər olsun ki, səhhətimdən elə də ciddi şikayətim yoxdur. Allah bütün övladları saxlasın, uşaqlar vaxtlı-vaxtında qeydimə qalırlar, həkim lazım olanda gəlib baxır. Dövlətimiz də yaxşı pensiya ayırıb, sağ olsun dövlət başçısı ki, pensiyaları hər il artırır, çətinliyim olmur.

“Övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm”

Gülxanım nənə ilə söhbətimizi süfrə arxasında davam etdiririk. Öyrənirəm ki, 1905-ci il yanvarın 25-də dünyaya göz açan Gülxanım Allahverdiyeva neçə-neçə müharibələr görüb, qanlı-qadalı illərə şahidlik edib. Atası, 125 il ömür sürən Gülmalı kişi dövrünün şairi olub. Gülxanım nənə hələ gənclik illərindən zəhmətə qatlaşıb, qarşılaşdığı çətinliklərə təkbaşına sinə gərməyi bacarıb. Ağrılı-acılı illər nənənin xarakterini də formalaşdırıb, mənən vüqarlı, fiziki cəhətdən möhkəm, dözümlü olub. İndi o illəri belə xatırlayır:

– Gənc yaşlarımdan işgüzarlığa öyrəşmişəm. Kolxozda üzüm yetişdirmişəm, pambıq, tütün becərmişəm, halal zəhmətimlə çörək qazanmışam. Yaxşı günlərim də, yaman günlərim də az olmayıb. Həyatın ağ üzünü də, qara üzünü də çox görmüşəm. Atalarımızdan belə bir deyim var ki, ağ gün insanı ağardar, qara gün qaraldar. Elə ötən əsrin 90-cı illərində də biz naxçıvanlılar qara günləri çox gördük. Bir tərəfdən zalım düşmənimiz torpağımıza göz dikdi, neçə-neçə mərd oğullarımız şəhid oldu, digər tərəfdən qazsız, işıqsız günlər keçirdik, yeməyə çörəyimiz, içməyə suyumuz olmadı. Hərdən qıtlıq çəkdiyimiz illər yadıma düşür, övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm.

Öyrənirəm ki, 20 yaşında Ərrəhman Allahverdiyevlə ailə həyatı quran müsahibim indiki yaşadığı Uzunoba kəndinə köçüb. Dövrünün zəhmətkeş insanlarından olan Ərrəhman kişi İkinci Dünya müharibəsində iştirak edib, müharibədən ayağından yaralanaraq qayıdıb. Həmin ağrılı-acılı dövrdə maddi və mənəvi sıxıntılar çəkən Gülxanım nənə böyük zəhmət hesabına qazandığı halal çörəklə övladlarını böyüdüb.

Uzunömürlülüyün sirri

Tarixin müxtəlif dönəmlərində insanlar uzunömürlülüyün sirlərini açmağa çalışsalar da, buna müvəffəq olmayıblar. Elə bu səbəbdəndir ki, keçmişdən günümüzədək xalq arasında uzun ömür yaşamaqla bağlı çox sayda deyimlər, duyumlar gəlib çatıb. Dirilik suyu, həyat ağacı, uzunömürlülük meyvəsi ilə bağlı xalq arasında əfsanələr, əsatirlər, rəvayətlər, nağıllar el-el, oba-oba yayılıb. Lakin Gülxanım nənə üçün uzunömürlülüyün sirri başqadır. O deyir ki, uzun ömür sürməyinin başlıca səbəblərindən biri diyarımızın çox gözəl təbiətə, təmiz havaya, saf suya malik olmasıdır. Hər kəs uzun və sağlam ömür yaşamaq istəyirsə, gündəlik həyatında iki amilə diqqət yetirməlidir: daim hərəkətdə olmalı və sağlam qidalanmalı. 

Övladları deyir ki, Gülxanım nənə gün ərzində çaya yox, daha çox su içməyə meyil göstərir. Səhər süfrəsindən bal, yağ, qaymaq, yumurta əskik olmur. Gənc yaşlarından yemək rasionunda dağlarımızda, düzlərimizdə bitən şəfalı bitkilərə geniş yer verən nənə indi də yazın gözü açılan kimi övladlarını həmin otlardan toplamağa göndərir. Nənə kiçik yaşlarından namaz qılıb oruc tutmasını da sağlamlığının əsas səbəblərindən hesab edir. Bu barədə deyir:

– Əbəs yerə deyilməyib ki, iş insanın cövhəridir, hərəkət harada, bərəkət orada. Yaşımın bu çağında da bir işin qulpundan yapışmağa çalışıram. Namazın, orucun da vaxtını keçirmirəm. Hər gün dan yeri sökülməmişdən yuxudan ayılır, səhərin təmiz havasından uduram. Yeməyimdə də təbii qidalara üstünlük verirəm. Düşünürəm ki, belə sağlam və gümrah qalmağımda yediyim yeməklərin də rolu böyükdür. Günümüzdə məktəbyaşlı uşaqların xəstələnməyi ilə bağlı tez-tez eşidirəm. Bizim dövrdə bu yaşda xəstələnmə çox nadir olardı. Fikrimcə, bu gün yayılan yoluxucu xəstəliklərin səbəbi də elə ən çox süni qidalardır. Övladlarıma da bacardıqca belə qidalardan istifadə etməməyi, bütün ərzaqları özlərinin hazırlamalarını məsləhət görürəm. Yeri gəlmişkən, onu da deyim ki, Uca Yaradan mənə 7 övlad, 25 nəvə, 18 nəticə bəxş edib. Çoxunun xeyir işində iştirak etmişəm. Tez-tez məni görməyə gəlirlər. Dövlət işçiləri də mənə tez-tez baş çəkir, qayğılarımla maraqlanırlar. Bütün bunlara görə dövlətimizə minnətdaram.

Həyat, yaşamaq elə gözəl hissdir ki, onu hansısa sözlə tam mənada ifadə etmək mümkün deyil. Ömür kitabının 114-cü səhifəsini yaşayan Gülxanım nənəyə daha firavan günlər arzulayaraq həmkarım Nail Əsgərovla onlardan ayrılırıq.

Yolboyu düşünürəm ki, Uca Yaradan tərəfindən yazılan ömür kitabı adlandırdığımız tale, qismət və alın yazısıdır. Təbii ki, əsərin nə zaman sona yetəcəyini də elə onu yaradan müəllif gözəl bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR