Slimfit
  1. CƏMİYYƏT

Qış qapıda - evlərdə istilik olacaqmı?

Qış qapıda - evlərdə istilik olacaqmı?
Sakura

Qış qapıda - evlərdə istilik olacaqmı?

“Azəristiliktəchizat”: “Payız-qış mövsümünə hazırlıq çərçivəsində işlərin böyük qismi yekunlaşıb”

 “Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı “Azəristiliktəchizat”ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” və istehlakçı arasında müqavilə imzalanır.

Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.  Ümumiyyətlə, Bakıda mərkəzləşmiş istilk sisteminə qoşulmuş neçə bina və müəssisə var? Müqavilə bağlanması mənzillərin istiliklə təmin olunacağına təminat verirmi? 

Qeyd etmək yerinə düşər ki, ötən il bəzi binalarda və orta məktəblərdə istilik təchizatı ilə bağlı narazılıq olmuşdu. Əsasən də bölgə məktəblərində vəziyyət o həddə çatmışdı ki, valideynlər övladlarını tədrisdən uzaqlaşdırmağa məcbur qalmışdılar. Bəs bu il necə, yenə də həmin problemlər müşahidə ediləcəkmi?

Nəzərə çatdıraq ki,  “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəsisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilmişdi.

Ens.az xəbər verir ki, məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a dedi ki, yalnız Bakı üzrə yox, bütün Azərbaycanda mərkəzlışdirilmiş istilik xidməti və istisu təchizatı xidməti göstərilir: “Ona görə də ümumi deyim ki, 180 mindən artıq mənzil mərkəzləşdirilmiş qaydada isidilir. Bu müqavilə ilk növbədə əhalinin istehlakçı hüquqlarının öz maraqlarına uyğundur. Çünki burada onların hüquq və öhdəlikləri tam şəkildə izah olunur.

 Bağçaların 6, məktəblərin isə 8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti ilə təmin olunur. Digərləri isə həmin məktəblərin öz qazanxanaları vasitəsilə isidilir. Ötən il də “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti göstərilən məktəblərlə bağlı heç bir problem olmamışdı. Hansısa məktəbdə problem olanda ilk olaraq ağıla bizim qurum gəlir. Amma bilin ki, nə təhsil müəssisələrinin, nə də səhiyyə obyektlərinin heç də hamısı “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti ilə əhatə olunmayıb. Ümumilikdə ölkə üzrə 3871 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərrüfat obyekti “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. Əlavə olaraq qeyd edim ki, bu gün Bakı Şəhər Təhsil İdarəsində da geniş bir görüş keçirildi. Orada “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev də iştirak etdi. Bu görüş məktəblərin keyfiyyətli istilik xidməti ilə təmin olunması məqsədilə təşkil olunub. Payız mövsümü üçün hazırlıqlarımız davam edir".

 Qurum rəsmisi əlavə edib ki, noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində istiliklə təmin olunmaya start veriləcək. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminətı həyata keçiriləcək: "Artıq payız-qış mövsümünə hazırlıq çərçivəsində işlərin böyük bir qismi yekunlaşıb. Bizə ən çox verilən suallardan biri odur ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edilmədiyi halda abonentlərin siyahısında müvafiq qeydiyyat aparılması üçün nə etmək lazımdır. Bu zaman bildiririk ki, əgər abonentin yaşadığı bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmasına baxmayaraq, mənzili digər vasitələrlə (kombi və s.) qızdırıldığı və mənzildə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmursa, bu zaman mənzildən keçən istilik xətləri - dik dayaqlar toxunulmaz qalmaq şərti ilə qızdırıcı cihazlar şəbəkədən ayrılmalı və “Azəristiliktəchizat” ASC-yə bu barədə müraciət edilməlidir. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları tərəfindən Sizin iştirakınızla mənzilinizə baxış keçirilib bu barədə müvafiq akt tərtib edilərək Abonent və Müştəri Xidmətlərində mənzilinizdə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmaması ilə bağlı müvafiq qeydiyyat aparılacaq.

 O ki qaldı yeni tikilən binaların istiliklə təminatı məsələsinə, “Azəristiliktəchizat” ASC-nin balansında 3781 yaşayış binası var. Onlardan bir neçəsi də MTK-lara məxsusdur. Yəni təcrübəmizdə belə hallar qeydə alınıb. Həmin yeni tikililərin məxsus olduğu MTK-lar bununla bağlı quruma texniki şərt almaq üçün müvafiq müraciət etməlidir. Əgər yaxınlıqda istilik mənbəyi,  yəni qazanxana varsa və həmin binanın istiliklə təminatı digər mənzillərin istilik təminatında keyfiyyətə mənfi təsir etməyəcəksə, müraciətə müsbət cavab verilə bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR