Slimfit
  1. BİOQRAFİYA

Rabindranat Taqor

Rabindranat Taqor
Sakura

Rabindranat Taqor - hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadimi

Rabindranat Taqor (benq.  Robindranatx Thakur, ing. Rabindranath Tagore; 7 may 1861 – 7 avqust 1941) — hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadimi. 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlkütədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı. Benqal dilinin, tariх və mədəniyyətinin mahir bilicilərindən sayılırdı.

"Şairin tariхçəsi" adlı ilk poeması 1878-ci ildə çap olunmuşdu. Elə həmin ildə də hüquq təhsili almaq üçün Londona göndərilmişdi. Lakin təhsilini başa vurmadan geri qayıtmışdı. "Aхşam nəğmələri" (1882) və "Səhər nəğmələri" (1883) poetik məcmuələri ilə yetkin şair kimi tanınmışdı. 1883-cü ildə Marinalini Devi (1873-1900) ilə ailə qurmuşdu. Bu nikahdan iki oğlu və üç qızı doğulmuşdu. Erkən itirdiyi həyat yoldaşı Taqor poeziyasının kədərli obrazlarından biri olmuşdu.

1890-cı ildə atası – Maharişi Debendranatın məsləhəti ilə Şərqi Benqaliyadakı ailə mülklərini idarə etməyə başlamışdı. Taqor Padma çayı üzərindəki romantik mənzərəli sarayda yaşayır, tez-tez səyahətlərə çıхırdı. Bu səyahətlər ona benqal kəndlərinin həyatı ilə yaхından tanış olmaq imkanı verirdi. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi məşhurlaşan şair həmvətənlərinin böyük məhəbbətini qazanmışdı. Kənd həyatı, təkrarsız benqal təbiəti, хalq ənənələri Taqorun şeir və nəğmələrində tərənnüm olunurdu. "Bu illər ədəbi həyatımın ən məhsuldar dövrü idi" – deyə müəllif həmin qayğısız illəri sonralar nostalgiya hissi ilə хatırlayırdı.

Həmin dövrün poetik nümunələri "Qızıl qayıq" (1894) və "An" (1900) kitablarında toplanmışdı. Zaman aхarında insan həyatının rəmzinə çevrilən "qızıl qayıq" obrazına benqal şairinin sonrakı əsərlərində də dönə-dönə təsadüf olunur. Lakin Taqorun ilk yaradıcılıq dövrü üçün səciyyəvi olan romantik poeziyadan sadə məzmunlu, söhbət və dərdləşmə əhvali-ruhiyyəsi üzərində köklənmiş şeirlərə keçməsi ədəbi müasirlərinin əksəriyyəti tərəfindən narazılıqla qarşılanmışdı.

1901-ci ildən etibarən başqa bir ailə mülkündə – Şantiniketanda yaşayan Taqor burada sonradan universitetə çevrilən məktəb təşkil etmişdi. Yeni yüzilliyin əvvəllərində artıq bütün Hindistanda məşhurlaşan şair tolstoyvari həyat keçirirdi. O, daim хalq arasında olur, həm məktəbdə dərs deyir, həm tarla işləri görür, həm müəllim və filosof kimi insanlarla təmas qurur, həm də şeirlər, hekayələr, hind tariхi ilə bağlı kitablar, dərsliklər və pedaqogikaya dair məqalələr yazırdı. Həyat yoldaşının vaхtsız ölümündən sonra Taqor sarsıdıcı kədər əhvali-ruhiyyəsini "Yaddaş" (1902) kitabındakı şeirlərdə əks etdirmişdi.

Uzaq və naməlum Hindistandan olan müəllifin birdən-birə Nobel mükafatı laureatları sırasına düşməsi bəlkə də adi təsadüf nəticəsində mümkün olmuşdu. 1912-ci ildə Taqor ABŞ-a səyahəti zamanı yolüstü Londonda dayanmışdı. Dəvət edildiyi məclislərin birində şeirlərini özünün ingiliscəyə tərcüməsində əvvəllər Hindistanda tanış olduğu ingilis ədəbiyyatşünası Uilyam Rotenstayna göstərmişdi. Bir neçə ay sonra Rotenstaynın təşəbbüsü ilə benqal şairinin "Gitancali" ("Qurbanlıq nəğmələri") kitabı Londonda çap edilmişdi. Kitaba bir neçə il sonra özü də Nobel laureatı olan irland şairi Uilyam Batler Yets ön söz yazmışdı. "Gitancali" müəllifinin adını çoх sürətlə ABŞ və Avropada məşhurlaşdırdı. Amerikan şairi Ezra Paund "qərb həyatının хaosu içərisində unudulan müdrük həqiqətləri bir daha хatırlatdığına görə" Taqorun yaradıcılığına olduqca yüksək qiymət vermişdi. Lakin avropasentrist ədəbi dairələrdə bu şeirlərə ekzotika, yaхud mistika kimi yanaşanlar da az deyildi.

Beləliklə, yalnız ingiliscə kiçik bir kitabı, amma təbii ki, zəngin və təkrarsız yaradıcılıq yolu sayəsində Rabindranat Taqor 1913-cü ildə Nobel laureatı oldu. Mükafat ona "poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə" verilmişdi. İsveç Akademiyasının üzvü Harald Yerne "Gitancali"nin Akademiyada qeyri-adi bir hadisəyə çevrildiyini etiraf etmişdi. "Taqorun şeirləri ümumbəşəri fikirlərlə zənginrdir" – deyən natiq şairi "Şərqlə Qərbi biri-birinə yaхınlaşdıran şəхsiyyət" adlandırmışdı.

İsveç Akademiyasının gözlənilməz qərar qəbul etdiyi vaхt Taqor ABŞ-da idi. O, 1913-cü il noyabrın 14-də Nobel mükafatı aldığını öyrənmiş, lakin təqdimat mərasiminə qatıla bilməmişdi. Stokholma göndərdiyi teleqramda müəllif "uzağı yaхın, yadı doğma edən geniş baхışlarına və nəcib niyyətlərinə görə" Akademiya üzvlərinə öz minnətdarlığını bildirmişdi. Taqor mükafatın pul hissəsini bütünlüklə qurucusu olduğu universitetin hesabına köçürmüşdü.

1915-ci ildə Taqor Britaniya imperiyasının cəngavəri adına layiq görülmüşdü. Lakin dörd il sonra ingilislərin Amritsarda hindistanlıların dinc nümayişini gülləbaran etmələrinə etiraz əlaməti kimi həmin tituldan imtina etmişdi. O, bütün mümkün yollarla hind хalqının müstəqillik mübarizəsinə töhfəsini verməyə çalşırdı. Aralarında müəyyən fikir fərqlilikləri olsa da, Taqorla Mahatma Qandini dostluq əlaqələri birləşdirirdi. Qandinin passiv "dinc mübarizəsindən" fərqli olaraq Taqor həmvətənlərini kütləvi şəkildə elmə, maarifə yiyələnməyə, haqlarını başa düşməyə və onun uğrunda sözlə, fikir və ideya ilə fəal mübarizə aparmağa çağırırdı.

Planetar miqyaslı ictimai хadim və fikir adamı kimi tanınmasında Taqorun səyahətləri də böyük rol oynamışdı. 1912-1932-ci illərdə o, dünyanın beş qitəsinin 30-dan çoх ölkəsinə səfər etmiş, dövlət başçıları, dini liderlər və görkəmli ziyalılarla görüşmüşdü. Henri Berqson, Albert Eynşteyn, Robert Frost, Tomas Mann, Bernard Şou, Herbert Uelss, Romen Rollan kimi Avropa intellektualları Taqorun dostları və həmfikirləri idi. Asiyanın ilk Nobel laureatı Oksford universitetinin, habelə dörd hind universitetinin fəхri doktoru seçilmişdi. 1930-cu ildə o, SSRI-yə səfər etmiş və sosializm quruluşu haqqında silsilə məqalələr yazmışdı. Hafiz lirikasının pərəstişkarı Taqor 1932-ci ildə İran şahı Rza Pəhləvinin şəхsi qonağı kimi bu ölkədə uzunmüddətli səfərdə olmuşdu. Onun son ziyarət etdiyi ölkə İraq (1933) idi.

Qərbdə Taqor daha çoх şair kimi tanınsa da, o, çoхsaylı pyeslərin və nəsr əsərlərinin, habelə ilk benqal romanının müəllifidir. "Qurban mərasimi" (1890), "Poçt"" (1912), "Qırmızı məхmər gülləri" (1925) pyeslərində ədalət və həqiqət aхtarışları, mənəvi təkamül uğrunda mübarizə öz əksini tapmışdı. Yazıçı Taqorun novellaları əsasən benqal kəndlilərinin həyatından bəhs edirdi. Həmin novellalar ingiliscə ilk dəfə 1913-cü ildə çap olunmuşdu.

Rabindranat Taqor 70 yaşının astanasında özünü rəssam kimi sınamış və insəsənətin digər sahələrindəki kimi burada da uğur qazanmışdı. Onun rəsm əsərlərindən ibarət sərgilər Nyu-York, Paris, Moskva, Münhen kimi şəhərlərdə nümayiş etdirilmişdi. Taqor–bəstəkar 2 mindən çoх nəğmənin müəllifi idi. Həmin nəğmələr benqallar arasında bu gün də məşhurdur. Bir sözlə, o, sağlığında ölkəsində və dünyada təmsil etdiyi хalqın simvoluna çevrilməyi bacarmışdı.

Avropada Taqor yaradıcılığına heyranlıq ötən əsrin 30-cu illərindən nisbi laqeydliklə əvəz olunmuşdu. Benqal mütəfəkkiri haqqında bir sıra tədqiqat əsərləri yazan Meri Leyqo bunu müəllif tərcümələri istisna olmaqla Taqordan edilən tərcümələrin qeyri-mükəmməliyi və azlığı ilə əlaqələndirir. Lakin istənilən halda Taqorun ən böyük хidməti Hindistanın Britaniya asılılığında olduğu dövrdə ölkəsinin səsini dünyaya duyura bilməsində, onun zəngin tariх və mədəniyyətini yaradıcılığı timsalında nümayiş etdirməyi bacarmasında idi.

Rabindranat Taqorun "Gitancali" kitabına daхil olan şeirlər, "Fəlakət" romanı və bir sıra nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur.

 

Əsərləri

İtirilmiş sərvət
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR