Slimfit
  1. CƏMİYYƏT

"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edir?

"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edir?
Sakura

"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edir?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, "sosial mənzillər"in dəyəri demək olar sabit qalıb.

Bunu “Report”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

"2016-cı ildən bəri mənzil bazarında qiymətlər xeyli artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi 2 min manat ətrafındadır. "Sosial mənzil"in ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb", - N.İbrahimov qeyd edib.

Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda mənzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. 7 ilə qiymətlər iki dəfədən də çox artıb:

“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.

O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:

“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, bu gün əmlak bazarında satılan evlərin təxminən 90 %-dən çoxu ipoteka krediti hesabına satılır, lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiyi üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.

İkinci tərəfdən isə müəyyən müddətdən sonra "sosial evlər" təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi 1 ilə 1 % təşkil edir. Bu səbəbdən "sosial mənzillər" bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.


Əmlak eksperti "Report"a Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7 %-ni təşkil edir:

“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1 % belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, "sosial evlər" satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov “Report”a açıqlamasında bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:

"Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. "Sosial evlər"in nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15 % bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.

Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı 3 otaqlı 87 kvadratlı mənzilin kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin 1 kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.

Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən Müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən Müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri,arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR