Slimfit
  1. ƏDƏBİYYAT

Süleyman Sani Axundovun xatirələri (I hissə)

Süleyman Sani Axundovun xatirələri (I hissə)
Sakura

Süleyman Sani Axundovun xatirələri (I hissə)

Uşaqlıq Həyatından xatirələr

Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir. Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Vəlibəyova Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli bəy Vəlibəyov (Zaqafqaziya seminariyasının (Qori) müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində gimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmiştir.

Kənd məişəti

Seyidli və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür.Haraya baxırsan bağ, bağ və yenə də bağ.Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışdır. Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyirlər. Mən gözlərimi açdıqca özümü belə zəngin təbiət içində gördüm. O məni mərhəmətli qucağında yaşadarkən, həyatın ağır zəhərli hallarını, yetimlik, yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada; çiçəklər, göy otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi. İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva tikməyə məşğul olduqda, biz də onlarla bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik. Bu mövsümdə yetişməyə başlayan meyvələrə gəldikdə, biz onların dəyməyini gözləməzdik. Alça çiçəyini töküb bir balaca böyüyən kimi göy olmağına baxmayaraq, duz ilə yeyirdik. Sonra tut ilə gilas dəyməyə başlardı. Yay fəslində ərik, gavalı, böyürtkən dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yığmağa məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq. Qar hər yeri bürüyən zaman biz bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardıq. Top getdikcə irilənərək axırda boyumuzdan hündür olardı, daha yumalamağa gücümüz çatmazdı. Ya da qardan adam, heyvan heykəli qayırardıq. Lakin bu oyunun axırı ağlamaq olardı. Çünki üşümüş əllərimizi oda verdikdə sızıldamağa başlardı. Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın təlim və tərbiyə rolu artır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşağın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab verib, onu sakit etmək lazımdır. Mən anama çox sual verərdim. Bir dəfə anam ilə bağımızda idim. Cırcırama aramsız cırıldayırdı. Ana, o cırcırama nə deyir? - deyə sual etdim. Oğlum, o cırcırama deyir ki: Qarışqacıq - quruşqacıq. Mənə dedi, qarışqacıq. Dedi, dedi, dedi, dedi. Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama oxuyanda mən də ona qoşulub deyərdim: Qarışqacıq, qarışqacıq. Dedi, dedi, dedi, dedi. Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da cırcırama o sözləri deyirdi.

Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr "cik-cik" edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: "Cırrıt!" edərək səs aldı. Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum: Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər? Oğlum, o serçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən həyrətdə idim. Təəccüblə soruşdum: Ana, bu quş dilini sən haradan bilirsən? mən də öyrənə bilərəmmi? Anam gülərək dedi: Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.

Tağı əmi

Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük, Mehdi kiçik qardaş idi. Sonuncu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi. Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. Bu, mənim oyun yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük təsir buraxmışdı. Səxavətli, rəhmdil həlim-təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq məhəbbətini bu sevgili əmizadəmdə gördüm. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox təlimli olardılar. Mən əvvələrdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə görünən alıcıquşu mənə göstərərək deyərdi: Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır. Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? - deyə soruşduqda: Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlra yerdə siçan kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. Indi o qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, - deyə Tağı əmi mənə cavab verərdi. Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ətyeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını, ya da turac, qırqovul, kəklik, çil, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitində gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də ondan öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim. Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim. Tağı əmi, bax gör nə qəşəng qurddur? - deyə ona göstərdim. Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl olacaqdır, - deyə Tağı əmi əlavə etdi. Mən təəccüb edərək soruşdum: Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur. Tağı əmi cavab verdi: Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir. Yazın isti günlələrinin biri.də baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən. Mən o vaxta kimi ipəkqurdunun saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.

o zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün: Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da apararam, - deyə məni sevindirdi. Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izir verdi. Anam təşvişə düşərək: Ay Tağı, at uşağı yıxar, - dedikdə: Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, - deyə onu sakit etdi. Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən adlı yoldaşımla Ağdam bazarına gedirdim. Gəl çapışaq, - deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı. Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım. Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı? Olaram, - deyə cavab verdim. Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və hamar idi. Qorxulu yol üç döngə idi. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. Iki döngəni salamat keçdik. Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürkəni saxlaya bilməzdi. Bazar dönən döngəni keçdikdə ürkə Həsəni üstündən üç metrəyə qədər atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı. Bu məşhur sınıqçını uşaqlar üçün yazdığım "Nurəddin" adlı hekayədə yad etmişəm. Quş tutma


Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda, ağaclar altında çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altında gizlənib, pusquda dururduq. Qaratoyuq bağın xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə düşürdü. Qaratoyuq ayağını çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman quş ayağını azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. Qaratoyuq əsarətə tez öyrəşir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər. Sərçə tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin altına və yanlarına dən tökərdik. Xəlbirin bir yanını qaldırıb altına karandaş kimi hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi xəlbirin altında qalardı. Bunların maraqlısı çərtmə ilə alacəhrə tutmaq idi. Bütöv qozu iki parça elərdik. Parçanın birini tam ortasından deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da bircə dənə at qılından kəmənd kimi halq qayırıb bağlayardıq. Çöpün ucunu qoz ləpəsindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda budağa bağlardıq. Alacəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyər. Nə qədər cəldlik etsə də, axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.

Məmmədağanın alacəhrəsi

Çox köçəri quş var idi ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. O cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə gəldi. Hər növ havaya öyrənmiş sərçələr belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətə, tövləyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa, dəyələrə, daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alacəhrəciklər belə havada həm acından, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunların bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. Gecələr də orada yatırdılar. Həmin qış, yoldaşım Məmmədağanı çiçək azarı tutdu. Bu xəstəliyə düşəni soyuqdan saxlamaq lazımdır. Məmmədağa Tağı əminin tək övladı idi. Ona görə onun xatiri əziz idi. Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt mühafizə edərək qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi. Qara damlar qışda çox isti olarlar. Necə də olmasın! Dərin quyu kimi yerin içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metrə qədər qalın torpaq tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün dama çox böyük tirlədən dirək vururlar. Içəriyə girmək üçün torpaq pillələr qazırlar. Onun üstünü örtürlər. Buna dəhliz deyirlər. Babalarımızın bu köhnə "imarət"inə nədən "qara" adı verildiyini bilirsinizmi? Iki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri tüstüdən, içərisi hislənib qurum tutaraq, qaralmağından. Tağı əmi Məmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacı xanımla dama yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq sönməzdi. Bayırdan içəri girdikdə sanki bir hamama girirdin. Mənim günlərimin çoxu burada keçirdi. Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi. Məmmədağanı sevindirmək üçün bir dəfə çərtmə qurub bir alacəhrə tutdum. Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən altında saxladıq: zavallı quşcuğaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla çalışmayıb, ancaq qarnını doydururdu. O biri gün ayağına uzun sap bağlayıb damın içinə buraxdıq. Quşcuğaz yenə də qaçmaq fikrində deyildi. Damın içində dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü dimdikləyib yeyərdi. Məmmədağaya elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək verdikdə alacəhrə də boşqabın qırağına qonub onunla bərabər yeyərdi. Bir azdan sonra sapı da ayağından açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə bilmirdi. Həmişə dimdiyi ilə sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində cik-cik edə-edə gah uçurdu, gah yorğan-döşək yükünün üstə oturub mürgüləyirdi. Lakin damdan bayıra çıxmırdı. Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı. Günəşin şəfəqi damın bacasından içəriyə düşmüşdü. Alacəhrə cik-cik edərək damda uçurdu. Birdən bacadan çıxıb getdi. Ah, quşum qaçdı! - deyə Məmmədağa qışqırdı. Qorxma, yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, - deyə Tağı əmi onu sakit etdi. Doğrudan da bir azdan sonra yenə də cik-cik edərək bacadan içəri uçdu. Bu sevimli quşcuğaz tamam qış damda yaşayıb, baharda bağa uçdu. Lakin köhnə məkanını və dostlarını unutmayıb gahdan bir ziyarət edirdi. İlanlarla mübarizə


Yazın isti günlərindən başlamış payızın əvvəlinə kimi, bağlarda gəzdikdə, dar doqqazlarla getdikdə, kolluqda, qulançarlıqda biz uşaqlar özümüzü zəhərli ilanlardan gözləməliydik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində qıvrılıb yatmış ilanı hardan görüb, özümüzü bu müzür heyvandan mühafizə edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə məlum olurdu. Amma zəhərli ilanlar məlum olmurdu. Bir yay olmayırdı ki, ilan uşaq vurmamış olsun. Onlar da bizdən paylarını yaxşıca alardılar. Isti günlərdə çəpərlərin döşü ilanlarla dolu olardı. Onlar yuvalarından çıxıb özlərini günə verərdilər. Biz də dəstə bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub öldurərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı. Bilmirəm haradan çıxmışsa, guya kərtənkələr ilanlara ağu verirlər, ona görə bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda, o, belə cavab verdi: Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zərərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. Ilan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışıq, onu zəhərləyib öldürür. Tağı əminin verdiyi bu məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.

Tağı əminin tərlanı


Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi bildirçin tutardı. Qızılquş ilə qırqovul, kəklik, turac ovuna gedərdi. Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənı tapşırırdı. Quşlara nə qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi. Bax, ət yağlı olmasın, - deyə Tağı əmi dübarə tapşırardı. Mən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim. Quşun bağını qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu muşqururdum. Ac quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək ova hazırlayırdı. Bir müddət ac saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra əlinə cücə götürərək həyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub əlinə qonurdu. Cücənin tüklərini yolmağa başlayırdı. Ətini diddikdə Tağı əmi cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət götürürdü. Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi. Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib ələ batırdı. Iki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ götürmək mümkün deyildi. Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu. Biz qaçaraq gəldik. Onda gördük ki, tərlan, Məmmədağanın bir yaşında bibisi oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər ki, uşağı buraxsın. Nə qayırırsınız? - deyə qışqırdım. Quşu çəkməyin, yoxsa uşağın ətini qopardar. - Cəld arvadları kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə həyəcana gəlmişdilər ki, quşu boğub öldürmək istəyirdilər. Mən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi özü gəlib çıxdı. Arvadları sakit edərək dedi: Yaxşı, mən quşumu bu gündən damda saxlayacağam. Siz də uşaqlarınızdan muğayat olub, başına buraxmayın. Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan qırmızı şeyə həris idi. Harada görsəydi, üstünə atlanardı. Tağı əminin bu tərlanı axırda məşhur bir quş oldu. Axtar və Şəngül


Axtar və Şəngül Tağı əminin ov tulaları idi. Axtar erkək, Şəngül qancıq idi. Axtar qısaboylu, gödəktüklü, boz rəngli; görkəmsiz tula idi. Şəngül isə çox yaraşıqlı bir it idi. Boyu orta boydan hündür idi. Gödək məxmər kimi hamar, dümağ rəngli, üstü qara xallı və zolaqlı tükü var idi. Beli, ayaqları, burnu nicə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı. Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar qaşqabaqlı, tənbəl, istirahət sevən tula idi. Şəngül diribaş, şən mehriban, sevimli bir heyvan idi. İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə - bəli, gülər, - deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həyətdə uzanıb özünü günəşə verir. Şəngül isə oynamaq istəyir. Nə etsin? Kimlə oynasın? Bozdar köpəkləmi? O, qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda Bozdar nədənsə acıqlanıb onu boğmuşdu. Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi. Tənbəl olsa da, yenə öz yoldaşı Axtar, Şəngül qısıla-qısıla gedib, Axtarın ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı. Şəngül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan Şəngül gəlib Axtarın qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum etdi. Şəngül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. Indi Şəngül onu başqa yol ilə təngə gətirməyə başladı. Axtarın üstündən o tərəf - bu tərəfə tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şəngül ondan əl çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı. Sonra buraxıb özü qaçdı. Şəngül axır məramına çatdı. Axtar çövqə gəlib onunla oynamağa başladı. Şəngül ilə Axtarın əsl bayramı Tağı əmi kəhər atı minib, qızılquşu əlinə götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmişdi. Indi Axtarı tanımaq olmurdu. Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qaldı? Şəngülə gəldikdə o, şadlıqdan özündən çıxırdı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi. Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub gedərdi. O zaman Tağı əmi: Şəngül qaldı! - deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri qayıdırdı, ovun izini yenidən aramağa başlardı. Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq Tağı əmiyə baxırdılar. Tağı əmi: Bas! - dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şəngül bəzi vaxt, ələlxüsus, Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR