Slimfit
  1. BİOQRAFİYA

Əbdürrəhman Cami

Əbdürrəhman Cami
Sakura

Əbdürrəhman Cami – Böyük taçik şairi, musiqişünası, filosof və alimi

Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur.

Cami çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan görkəmli ərəbist mövlana Cüneydi Üsuli idi.

Cami son dərəcə istedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir.

Bir az sonra Cami, Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Caminin Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir. Əli Quşçi sualı axıra çatdırmamış Cami onun nə demək istədiyini başa düşür və dərhal cavab verir, özünün Səmərqəndə səfərinin hədər getmədiyini sübut edir.

Cami sufi təriqətlərindən nəqşbəndiliyi sevmiş və öz mürşüdü olaraq şeyx Sədəddin Kaşqarinin ardınca getmişdir.

Nəqşbənd zülmə dözməyi, günahları bağışlamağı təbliğ edir, musiqi, rəssamlıq bə başqa incəsənət növləri ilə məşğul olmağa mane olmurdu.

Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi tələb edən şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük fikir verir və onun nəqşbəndi təriqətinin mürşüdü olmasına çox çalışırdı. Cami də öz növbəsində Sədəddin Kaşqarinin məsləhətlərinə əməl edir. Onun göstərişlərindən kənara çıxmırdı. Biz, Cami əsərlərində nəqşbəndi ideyalarının çox açıq və aydın inikasının şahidi oluruq. Cami çoxlu səfər etmiş və bu səfərlər zamanı müxtəlif sufi şeyxləri, alim, şair, incəsənət ustaları, dövlət xadimləri ilə, şah, sultan, saqan və müxtəlif silkə xas olan adamlarla görüşmüşdür.

Cami 1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək qərarına gəlir. O, bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzir və onların bəzilərində aylarla qalıb oradakı alimlərlə görüşür, bəzən isə ciddi mübahisə etməli olur.

1492-ci il noyabr ayının əvvəllərində Cami özünü pis hiss etməyə başlayır, xəstəliyi get-gedə şiddətlənir, nəhayət, məhərrəmin 17-də, yəni noyabrın 8-də səhər vəfat edir. Bəzilərinin fikrincə, Cami noyabrın 9-da ölmüşdür. Sovet ədəbiyyatında hər iki tarixi göstərənlər var. Dəfn mərasimi Nəvainin yaxından iştirakı ilə təşkil edilir.

Caminin ölümünə Nəvai tarixi maddə yazmış, onu məşhur Hüseyn Vaiz oxumuşdur. İki beytdən ibarət olan bu şeirdə əbcəd hesabı ilə Caminin 894 hicri, yəni 1492-ci ildə vəfat etdiyi bildirilir. Cami özündən sonra böyük bir miras qoyub getmişdir. M.A. Salyenin dediyinə görə, alimlər Caminin əsərlərinin sayını 50 qəbul edirlər ki, bunlardan da 34-ü nəsr, 16-sı şeirlə yazışmışdır. Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yalnız "Baharistan"dır.

 

Yaradıcılığı

Caminin nə vaxtdan şairliyə başladığı hələ dürüst təyin edilməmişdir. Lakin onun hələ lap cavan vaxtlarından şeirə böyük həvəs göstərdiyini yazırlar. Onun elmə məlum olan ən qədim əsəri 856 (1452)-ci ildə Əbdülqasim Baburə ithaf etdiyi "Müəmma haqqında risalə"dir.

Cami olduqca çox yazmışdır. Yuxarıda adı çəkilmiş kitab onun ilk əsəri kimi nəzərə alınarsa, təxmini hesablamaya görə, Cami ömrünün sonuna qədər qələmi yerə qoymadan, ildə azı bir-iki əsər yazmışdır. Caminin əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər vardır. Caminin əsərlərinin sayını onun müridi və ən yaxın dostu, böyük özbək şairi Əlişir Nəvai – 35, Şah İsmayılın oğlu Sam-mirzə – 45, Caminin Tərcümeyi-halını yazan Əbdülqafur Lari – 47, Şirxan Ludi 1690-1691-ci ildə yazdığı "Miratul səyal" ("Xəyal güzgüsü") adlı təzkirəsində isə 99 göstərir. Y.E. Bertelsin fikrinə görə, 45-47 rəqəmləri həqiqətə daha yaxındır.

Caminin ən məşhur əsərləri üç divan, "həft-övrəng", sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilmiş "Həfəhatülüns" və "Baharistan"dır.

Cami Əlişir Nəvaninin məsləhəti ilə birinci divanı "Fətihətəş-şəbab" – 1479-cu il, yəni "Gəncliyin başlanğıcı", ikinci divanı "Vəsitətül-İqd" – 1489-cu il, yəni "Həmayılın ortası", üçüncü divanı "Xatimətül-həyat" – 1491-ci il, yəni "Həyatın sonu" adlandırmışdır. Cami divanlarını Nəvainin təklifinə görə belə adlandırdığını müqəddimədə özü qeyd edir.

Caminin "Həfəhatül-üns" və "həzəratül-Qüds", yəni "Müqəddəs yerlərdən əsən dostluq nəsimi" əsəri özündən əvvəl yaşamış sufilərin, həməsri olan sufi şair və alimlərin həyatına həsr edilmişdir. Maraqlı burasıdır ki, 600-dən artıq şair, alim, şeyx və başqalarının tərcümeyi-halı izah edilən bu əsərdə iyirmidən çox qadının adı çəkilir ki, bunlar da öz əsərlərinin görkəmli sufilərindən hesab edilmişdir.

Cami əsərlərini dövrünün məşhur hökmdarlarına ithaf etməkdən boyun qaçırmamış və ya qaçıra bilməmişdir. Son dərəcə qürurlu, böyüklərə baş əyməyən Caminin əsərlərini müxtəlif hökmdarlara həsr etməsinin əsas səbəbini çamişunaslar çox haqlı olaraq, onun maddi gəlir axtarmasında deyil, məhz əsərlərinin məzmununda, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etməkdə görürlər. Döğrudan da, Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük. Cami nəqşbəndi təriqətinin mürşüdü və şeyxi mövqeyinə yüksəldikdə də heç vaxt təəssübkeş-fanatik, dindar olmamış, ədaləti, mərhəməti, düzlüyü möminlikdən üstün tutmuşdur. Başqa əsərlərində olduğu kimi, "Baharistan"da da həmin fikrin bədii ifadəsinə tez-tez təsadüf edirik. Bu nöqteyi-nəzərdən, yəni humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur. Müasir nəsil üçün Cami bu cəhətdən daha maraqlı, əsərlərinin öyrənilib tədqiq edilməsi isə daha diqqətəlayiqdir, çünki Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də bu halda öz sinfinin mənafeyindən yüksəyə qalxmış və xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarmışdır.

"Yusif və Züleyxa" romanı onu dünyaya tanıtdıran əsəridir. "Baharıstan" isə Caminin bədii əhəmiyyəti ilə seçilənidir.

 

Divanları

  • "Fətihətəş-şəbab" yəni ("Gəncliyin başlanğıcı") – 1479-cu il
  • "Vəsitətül-İqd" yəni ("Həmayılın ortası") – 1489-cu il
  • "Xatimətül-həyat" yəni ("Həyatın sonu") – 1491-ci il

 

Əsərləri

  • "Müəmma haqqında risalə" (Əbdülqasim Baburə ithaf) – 1452-ci il (856-cı il)
  • "Baharistan", 1487-ci il
  • "Həfəhatül-üns" və "həzəratül-Qüds", yəni ("Müqəddəs yerlərdən əsən dostluq nəsimi")
  • "Baharistan", Vyana-1846-cı il (alman dilində)
  • "Baharistan", 1887-ci il (Beneras), (ingilis dilində)
  • "Baharistan", 1899-cu il (Bombey) (ingilis dilində)
  • "Baharistan", 1925-ci il (Anri Mase) (fransız dilində)
  • "Baharistan", 1935-ci il (K.Çaykin) (rus dilində)
  • "Baharistan". Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1964. 92 səh. 40.000 tiraj. (farscadan azərbaycan dilinə tərcümə, müqəddimə və qeydlər Rəhim Sultanovundur)
  • "Seçilmiş əsərləri" ("Yusif və Züleyxa" ilə "Baharıstan" daxil edilmişdir), bərk üz gabıqlı, ISBN 978-9952-416-36-8, Bakı, Öndər nəşriyyatı-2004.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR