Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (II hissə)

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (II hissə)
Sakura

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (II hissə)

X ə t t a b q ı z ı 
 
Hər işdə ehtiyat eyi, 
Get, xəbər ver evlərinə. 
Həmən get bul Xədicəyi, 
Zevcəsidir, bilsin yenə. 
 
(Peyğəmbər uzaqdan görünür) 
 
S ə i d 
 
(baqar) 
 
Çoq şükür, iştə kəndisi! 
 
(Xəttab qızına) 
 
Saqın, bir şey söyləmə, dur... 
Qayıbdan bir səs 
Annəciyim... 
 
X ə t t a b q ı z ı 
 
Çocuq səsi. 
 
Ah, bu səs nerdən gəliyor? 
 
S ə i d 
 
(təlaş ilə Peyğəmbərə yaqlaşır, əyilib əlini öpdükdən sonra) 
 
Aman, ey Tanrı elçisi! 
Bir cəllad arıyor səni. 
Qayıbdan bir səs 
Annəciyim...  
 
P e y ğ ə m b ə r 
 
Çocuq səsi. 
Qayıbdan bir səs 
Annəciyim... 
 
P e y ğ ə m b ə r 
 
Bu səs bəni 
Xərab etdi, ah, nə həzin!.. 
 
A n a 
 
(acı fəryad ilə qoşub gəlir) 
 
Aman, yavrum, mələk yavrum, 
 
P e y ğ ə m b ə r 
 
(xarab olmuş bir məzara yaqlaşır. Üzərindəki böyük daşı bir tərəfə çəkib baqar) 
 
İştə bir qız! Yardım edin, 
Yardımı əmr etmiş Tanrım. 
Ah, görünür diri-diri 
Məzarə gömmüşlər bunu. 
 
A n a 
 
Əvət xain bir sərsəri 
Məhv etmək istiyor onu. 

Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır. 

Of, yavrum... 
 
Q ı z 
 
Ah, annəciyim... 
 
(Qucaqlaşırlar) 
 
P e y ğ ə m b ə r 
 
(anaya) 
 
Dur, yüksəltmə fəryadını, 
Söylə, bən bilmək istərim 
Şu mə’sumun cəlladını. 
 
A n a 
 
Cəlladı iştə pək aydın, 
Kəndi alçaq babasıdır. 
 
(Yaralı bir ahəng ilə) 
 
Onca bir qız, ya bir qadın 
Uğursuz baş bəlasıdır. 
 
P e y ğ ə m b ə r 
 
(müztərib və həyəcanlı) 
 
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən 
Yaqar düşüncəmi bir şö’lə, bir zəhərli dikən. 
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, 
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! 
Qadın – günəş, çocuq – ay... nuri ay günəşdən alır [1]
Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır. 
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan, 
O bir mələk... onu təqdis edər böyük Yaradan. 
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, 
Onun ayaqları altındadır fəqət cənnət: 
Qadın gülərsə şu ıssız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək... 
 
A n a 
 
Haydı, gəl gedəlim quzum. 
 
Q ı z 
 
Ah, babamdan qorquyorum. 
 
P e y ğ ə m b ə r 
 
Allah əsirgəsin, aman! 
Vəhşiləri keçdi insan. 
 
A n a 
 
Qorqma! O hiç görməz səni! 
 
Q ı z 
 
Görsə öldürəcək bəni. 
 
A n a 
 
Evdə yoq, bizi tərk etdi, 
Şimdi yol kəsməyə getdi. 
Qorqma, annən dilənir də, 
Verməz səni o namərdə. 
 
P e y ğ ə m b ə r 
 
Tanrı yardımçınız olur, 
Azğın cəzasını bulur.  
 
(Evi göstərir) 
 
Baq, şu evdə yaşayanlar 
Pək mərhəmətli insanlar... 
Bunlarda qan var, vicdan var, 
Yuca Tanrıya iman var. 
Burda qalın hər ikiniz, 
O cəlladı görməyiniz. 
 
A n a 
 
(qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır) 
 
Allah səndən razı olsun. 

Peyğəmbər qollarından tutub qaldırır. 
 
S ə i d 
 
Gəlin, bir az rahat bulun. 
 
X ə t t a b q ı z ı 
 
Gəlin, hiç məraq etməyin. 
 
P e y ğ ə m b ə r 
 
(mə’nalı bir baqışdan sonra) 
 
Məhəbbətdir ən böyük din. 

İçəri girərlər. 
 
X ə t t a b q ı z ı 
 
(Peyğəmbərə) 
 
Aman, buyursanız siz də... 
 
P e y ğ ə m b ə r 
 
Xayır, bən getmək istərim... 
 
X ə t t a b q ı z ı 
 
Bir az saqlanınız bizdə, 
Qəzəblənmiş bəradərim... 
 
P e y ğ ə m b ə r 
 
(sözünü kəsərək) 
 
Lakin Tanrının qəzəbi 
Onunkindən daha müdhiş... 
 
X ə t t a b q ı z ı 
 
Ah, qorqarım, pək əsəbi, 
Bəlkə doğar çirkin bir iş. 
 
P e y ğ ə m b ə r 
 
Sən get, şu kimsəsizləri 
Avut, barındır, əkmək ver. 
Böyük Tanrı Peyğəmbəri 
Hər an bəladan hifz edər. 
 
Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar. Bu mənzərəyi uzaqdan görünən Nəim ilə Topal seyr edərlər. 
 
N ə i m 
 
Yazıq şu Xəttab oğluna, 
Peyğəmbərə kin bəsliyor. 
Həmşirəsi uymuş buna, 
Din içində din bəsliyor. 
 
Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada qız, oğlan bir yığın çocuq aşağıdakı şərqiyi söyləyərək gəlir və hər parça bitdikdə əl çalar, oynarlar. 
 
Ç o c u q l a r 
 
Diyor göydə bağçalar var, 
Orda çiçəklər nur saçar, 
İnsan mələk kibi üçar... 
İstəməm, masaldır onlar, 
Bən vuruldum yalnız sana 
Vətən! Ah, sevgili ana! 
Dün bir quş gördüm yaralı, 
Düşmüş yurdundan aralı. 
Dişlərdi köksünü çalı, 
Söylərdi sanki hər halı; 
Vəhşi qartal qıydı bana, 
Vətən! Ah, sevgili ana! 
 
Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə atar, o çəkilib getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu halda qarşı tərəfdən çıqarlar. 
 
B a ş k a h i n 
 
(Peyğəmbəri göstərir, istehzalı bir tevrlə) 
 
İştə əngin fəzaların 
Qəhrəman nümayəndəsi! 
İştə Latü Üzzaların 
Böhtançı bir xanəndəsi! 
 
B i r i n c i r ə i s 
 
Görünür bizdən bıqmış da, 
Şimdi başqa yol gediyor. 
Diriləri bıraqmış da, 
Ölülərə və’z ediyor. 
 
İ k i n c i r ə i s 
 
Tuhaf!.. Bən Xəttab oğlunu 
Sadiq bilirdim əhdinə. 
Hənuz sağ bıraqmış bunu, 
Əski keyfindədir yenə. 
 
Ü ç ü n cü r ə i s 
 
Qüsur yoq onda, hər kəscə 
Bəllidir ki, o pək cəsur... 
 
(Peyğəmbərə işarətlə) 
 
Bəlkə hərif sehr etmiş də, 
Yalnız ona görünmüyor. 
 
P e y ğ ə m b ə r 
 
Sus! Allahın Peyğəmbəri 
Pək uzaqdır o işlərdən. 
Onun sehridir sözləri 
Varmı qarşılıq söyləyən?! 
 
B a ş k a h i n 
 
(son dərəcə qızğın) 
 
Bilməm niçin sarsılıb da 
Göylər yerə dökülmüyor? 
Bilməm niçin savrulub da 
Şu dünya alt-üst olmuyor? 
Ah, o mə’budlar ki, bizə 
Altın verir, şöhrət verir, 
O bütlər ki, ölkəmizə 
Həyat verir, qüvvət verir; 
Hiç rəvamı dünkü yetim  
Onları təhqir etsin də, 
Biz kənardan seyr edəlim, 
O sağ qalsın yer yüzündə?! 
 
Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər. 
 
P e y ğ ə m b ə r 
 
Xayır, aldanma, ey zavallı bəşər, 
Səncə qalibmi xeyrə fitnəvü şər? 
Əlverir qəflət, istəməz tüğyan, 
Səni er-gec həlak edər isyan. 
 
(Yerdən bir avuc topraq alıb havaya savurur) 
 
Sən nəsin? Iştə bir avuc topraq! 
Baq, düşün! Kibri at, qüruru bıraq. 
Əyri yoldan çəkil, fəsadı unut! 
Əvət, ancaq düşün də haq yolu tut. 
 
(Məzarları göstərir, qızğın və həyəcanlı) 
 
Var, səninçin də böylə bir gün var, 
Bir gün əldən çıqar şu altınlar. 
Həp susar tapdığın sənəmlər, əvət 
Yardım etməz güvəndiyin şöhrət. 
Həp sönər duyduğun şərəf, iqbal; 
Tanrıdan başqa hər nə varsa, xəyal!.. 
 
Ü ç ü n c ü r ə i s 
 
Arqadaş, söylənmə artıq 
Biz dinləməkdən usandıq. 
Vaz keç də sən bu sözlərdən, 
Qarşılıq hər nə istərsən: 
Altın, riyasət, gözəl qız, 
Hər şey verməyə hazırız. 
 
P e y ğ ə m b ə r 
 
Yoqsulluq ən böyük sərvət, 
Qarşımda hiçdir rəyasət. 
Xayır, istəməm, gözəl qız, 
Sevgilim Tanrıdır yalnız. 
Çünki ən son pənah odur, 
Ona tapanlar qurtulur. 
Hətta günəşi sağıma, 
Ayı soluma qoysanız; 
Fikrimdən dönəməm əsla, 
Bir qul yaşarmı Tanrısız? 
 
(Gedəcək olur) 
 
B a ş k a h i n 
 
Getmə, bir dur, ah, nerəyə? 
P e y ğ ə m b ə r 
Haqq əmrini yetirməyə; 
Kim eşitsə nicat bulur. 
Kim rədd etsə həlak olur, 
Haq sevən arqamca gəlsin; 
Korlar qəhr olub əzilsin. 
 
(Saymazca və məğrur adımlarla uzaqlaşır) 

 

(1) - Yaxud: O bir günəş ki, bəşər zevqi, ruhu ondan alır.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR