Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (III hissə)

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (III hissə)
Sakura

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (III hissə)

B a ş k a h i n 
 
Ah, şu uğursuz sabei 
Yaqar bəni atəş kibi. 
 
(Camaata heyrət və hiddətlə) 
 
Həp baqar, həp susarsınız, 
İsyan etməzmi qanınız? 
 
Məzarlıqda yatanlarla 
Yoq sizin fərqiniz əsla. 
 
C a m a a t d a n 
 
– Ah, o xain məhv olmalı! 
– Şimdi cəzayı bulmalı! 
– Haydı, yoldan çevirməli! 
– Susdurmalı, öldürməli! 
 
Qadınlar və çocuqlar yerdən daş parçaları alır, Nəim ilə Topaldan başqa hər kəs gurultu ilə Peyğəmbər getdiyi tərəfə doğru yürür. Eyni zamanda göy gürlər. 
 
T o p a l 
 
Haydı gəl, biz də bərabər gedəlim, 
Gəl şu Peyğəmbəri bir seyr edəlim. 
 
N ə i m 
 
Fəzlədir bəncə şu yersiz həyəcan, 
Nə imiş sanki o bədbəxt insan... 
 
Ş ə m s a 
 
(Nədimə ilə bərabər gəlir) 
 
Bu nə, yahu, bu nə dəhşət əcəba? 
Sarsılır həp təməlindən dünya. 
 
N ə i m 
 
(müstəhzi) 
 
Göylərin elçisi me’rac ediyor, 
O böyük baş içimizdən gediyor. 
 
Ş ə m s a 
 
Nə demək? Anlamadım, söylə, nə var?  
 
T o p a l 
 
Verdi hər kəs onu e’damə qərar. 
Göy gurultusu kəsilir. 
 
Ş ə m s a 
 
(Nədiməyə) 
 
Pək yazıq! Gəl baqalım bir bu nə hal, 
Ah, o layiqmi ki, olsun pamal? 
 
(Sür’ətli adımlarla camaat getdiyi tərəfə gedərlər) 
 
N ə i m 
 
(istehzalı təbəssümlə Şəmsayə) 
 
Hiç təlaş etmə, o artıq getdi, 
Çünki göylərdəki tufan bitdi. 
 
T o p a l 
 
(qarşı tərəfə baqar) 
 
Şuna baq!.. 
 
N ə i m 
 
Kimdir o? 
 
T o p a l 
 
Xəttab oğlu! 
 
N ə i m 
 
(baqar) 
 
Nə də qızğın! Gözü al-qanla dolu... 
 
(Kinli baqışlarla gələn Xəttab oğluna) 
 
Bunca hiddət əcəba, söylə, nədən? 
 
X ə t t a b o ğ l u 
 
Onu öldürməyə əzm etdim bən, 
Kimə sorsam, buradan keçdi diyor, 
Ararım, yoq, görünür sehr ediyor. 
 
N ə i m 
 
(istehzalı təbəssümlə qafasını oynatır) 
 
Onu öldürmə, xayır, başqası var, 
 
(evi göstərir) 
 
Burda bir zevc ilə bir zevcə yaşar... 
 
X ə t t a b o ğ l u 
 
Şu qadın bəlli, bənim həmşirəm. 
 
N ə i m 
 
İştə Peyğəmbərə onlar məhrəm, 
Çıqmıyor hiç birinin gərçi səsi. 
Yeni din aşiqidir hər ikisi; 
Öncə onlardır, əvət, məhv olacaq... 
 
X ə t t a b o ğ l u 
 
(qılıcını yarıya qədər çəkər, son dərəcə sinirli) 
 
Sus, Nəim! Ah, nə diyorsun, bana baq! 
Kə’bə mə’budlarına and olsun, 
Doğru çıqmazsa sözün, məhv oldun! 
 
N ə i m 
 
Xayır, əsla; bana layiqmi yalan? 
 
(İstehzalı qəhqəhəylə) 
 
Şanlı Peyğəmbəri əl’an buradan, 
Baq, şu evdən çıqıyorkən gördüm. 
 
(Topal ilə bərabər uzaqlaşır) 
 
X ə t t a b o ğ l u 
 
(çılğın) 
 
Ah, ölüm! Onlara dəhşətli ölüm!.. 
 
(Qapıyı çalmağa başlar. Içəridən gələn xoş ahəng bir qadın səsi diqqətini cəlb edər, durub dinlər) 
 
E ş i d i l ə n s ə s 
 
Ulu Tanrı, o görünməz yaradan 
Əmr edər yalnız ədalət, ehsan. 
O, fəna işləri, föhşiyatı 
Nəhy edər, varlığının isbatı 
Şu təbiət, şu məhabətli fəza... 
Onca birdir: ulu, zəngin, füqəra. 
 
Qapıyı bir daha şiddətlə çalar. S ə i d ilə r ə f i q ə s i çıqar. Xəttab qızı əlindəki yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar. 
 
X ə t t a b o ğ l u 
 
(Səidə) 
 
Bana baq, doğrumu, əcdadımızın 
Bıraqıb dinini oldun xain? 
 
(Sükut) 
 
Niyə susdun, niyə susdun böylə? 
Şaşırıb durma, cəvab ver, söylə! 
 
X ə t t a b q ı z ı 
 
Fəzlə israr ediyorsun, yetişir. 
 
X ə t t a b o ğ l u 
 
(Səidə) 
 
Səni zənn etməz idim bunca həqir. 
 
(Qılıc parlar) 
 
İştə, al! 
 
(Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və köksünü boyar) 
 
X ə t t a b q ı z ı 
 
Ah, yaralandım, eyvah! 
 
X ə t t a b o ğ l u 
 
Söylə, həmşirə! Bu söz doğrumu, ah?! 
 
X ə t t a b q ı z ı 
 
Doğru, pək doğru, əvət, Peyğəmbər 
Bizcə ən şanlı, böyük bir rəhbər…(1)
Onun Allahına iman etdik, 
Duyğusuz bütlərə isyan etdik.                                                              
Qorqumuz yoq, eyi bil, hər ikimiz 
Haq için can ilə başdan keçəriz. 
 
(Köksünü açar) 
 
İştə öldür! Acıdan qurtuluruz, 
Qavuşub Tanrıya məs’ud oluruz. 
 
X ə t t a b o ğ l u 
 
(əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə) 
 
Bir taqım ayət oqurdun da dəmin, 
Onu göstər bana! 
 
X ə t t a b q ı z ı 
 
Olmaz! 
 
X ə t t a b o ğ l u 
 
Bu niçin? 
 
X ə t t a b q ı z ı 
 
Etmədin bəlkə riayət, hörmət. 
 
X ə t t a b o ğ l u 
 
Edərim. 
 
X ə t t a b q ı z ı 
 
And iç! 
 
X ə t t a b o ğ l u 
 
İnan! 
 
X ə t t a b q ı z ı 
 
İştə! 
 
(Yazılı dəri parçasını çıqarıb verir) 
 
X ə t t a b o ğ l u 
 
Əvət! 
 
(Şaşqın və vurulmuşcasına oqur) 
 
“Ulu Tanrı, o görünməz yaradan 
Əmr edər yalnız ədalət, ehsan. 
O, fəna işləri, föhşiyatı 
Nəhy edər, varlığının isbatı 
Şu təbiət, şu məhabətli fəza... 
Onca birdir: ulu, zəngin, füqəra”. 
 
(Sarsılmış bir halda) 
 
Nə ilahi, nə müqəddəs ilham! 
Duyduğum yoq şu fəsahətdə kəlam. 
Bəni əfv eylə, mələk həmşirəm, 
Doğru din... qalmadı əsla şübhəm. 
 
(Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə yarasının qanını silər) 
 
Yaranı şimdi sarıb bən gedərim, 
O böyük dahiyə iman edərim. 
 
(İçəri girərlər) 
 
Azacıq sonra Peyğəmbər qana boyanmış və başı sarınmış olduğu halda Şəmsa ilə Nədimənin yardımı ilə gəlir. 
 
Ş ə m s a 
 
(Nədiməyə) 
 
Daha dur, bir qadar etsin rahət.  
 
P e y ğ ə m b ə r 
 
(əlini ağzına götürür, acı bir fəryad ilə) 
 
Dişlərim! Ah, qırılıb oldu səqət. 
 
(Böyük bir daş üzərinə oturur) 
 
Ş ə m s a 
 
(əlini onun omuzuna qoyaraq) 
 
Ağrıdır, bəlkə bir az sonra keçər, 
Ölmədin, iştə bu dünyayə dəyər. 
 
P e y ğ ə m b ə r 
 
Səni pək başqa tanırdım, lakin 
Bir mələkdən daha munis qəlbin. 
Duyğusuz bütlərə vurğun cühəla 
Daha xoşdur sana aciz qul ola. 
 
Ş ə m s a 
 
Latü Üzza səni qurtardı dəmin, 
Yenə təhqir ediyorsun, bu niçin? 
 
P e y ğ ə m b ə r 
 
(sinirli) 
 
Latü Üzzamı? Çəkil, sus, dəf’ ol! 
 
Ş ə m s a 
 
Uçurum – izlədiyin qorqulu yol. 
 
P e y ğ ə m b ə r 
 
Qorqu yoq, izlədiyim haq yoludur, 
Yaradan, öldürən ancaq bir odur. 
Hər nə mevcud isə xilqətdə onun, 
 
(Şəmsaya işarətlə) 
 
Bu gözəllik, bu lətafət də onun. 
 
Ş ə m s a 
 
Bana baq! 
 
P e y ğ ə m b ə r 
 
(əlilə rədd edər) 
 
Haydı, çəkil get, yetişir. 
 
Ş ə m s a 
 
(məğrur və istehzalı təbəssümlə) 
 
Bir gözəl bunca edilməz təhqir. 
 

 

(1) - Yaxud: sərvər

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR