Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şeyx Sənan /Birinci pərdə (I səhnə)

Hüseyn Cavid - Şeyx Sənan /Birinci pərdə (I səhnə)
Sakura

Hüseyn Cavid - Şeyx Sənan /Birinci pərdə (I səhnə)

I SƏHNƏ

 

 
Mədineyi-Münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və yüzü göyə doğru duaya məşğul görünür. 
 
Z ə h r a 
 
(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq) 
 
Şeyx, ya Şeyx! 
 
Ə z r a 
 
Şeyx! 
 
Şeyx Ə b u z ə r 
 
(niyazkar) 
 
Ya Allah! 
 
Z ə h r a 
 
Bana baq... 
 
Şeyx Ə b u z ə r 
 
(mütəvəkkil) 
 
La ilahə-illəllah! 
 
Z ə h r a 
 
(yaqlaşaraq) 
 
Şeyx Əbuzər! 
  
Şeyx Ə b u z ə r 
 
(dönərək) 
 
Nədir, qızım? 
 
Z ə h r a 
 
Əl’an, 
 
Bir xəbər yoqmu Şeyx Sən’andan? 
 
Şeyx Ə b u z ə r 
 
İki-üç dəfə getdim evlərinə... 
 
Z ə h r a 
 
Əcəba xastalanmamış ki yenə? 
 
Şeyx Ə b u z ə r 
 
Qomşular söylüyor ki, həp gecələr 
Uyumaq bilmiyor sabahə qadar. 
Qoşuyor hər səhər biyabanə, 
Həm də əsla qarışmaz insanə. 
Halı pəjmürdə, sanki bir məcnun; 
Anlaşılmaz nədir məramı onun?! 
Şaşırır həp Mədinə əhli bütün 
Onu gördükcə müztərib, düşkün. 
 
Z ə h r a 
 
Nə olur? Bir də get, rica edərim. 
 
Şeyx Ə b u z ə r 
 
Pəki, gedərim. 
 
(Qalqıb gedər. Çıqdığı sırada mə’nalı bir baqışla Zəhraya baqaraq)  
 
Bunda bir sirr var, edilməz faş, 
Nə için, anlamam, əcəb bu təlaş!? 
 
Ə z r a 
 
Bu məraq İştə fəzlədir, Zəhra! 
 
Z ə h r a 
 
Sorma, hiç sorma, nazənin Əzra!.. 
 
Ə z r a 
 
Səndə bir öylə hüsnü cazibə var, 
Ki olur, hər görən pərəstişkar. 
Səni Sən’an arar da kəndi bulur, 
Daima eşq hüsnə mail olur. 
 
Z ə h r a 
 
Qalmamış bəndə zərrə səbrü qərar, 
Bana Sən’ansız olmuş aləm tar. 
Altı yıldır ki, zarü dərbədərim, 
Həp onundur məsərrətim, kədərim. 
Altı yıldır əsirü mədhuşim, 
Onun eşqilə məstü bihuşim. 
Azacıq bəndə varsa hüsnü cəmal, 
Onda həm hüsn var, həm elmü kəmal. 
 
Ə z r a 
Kimsəsiz bir zavallıdır Sən’an, 
Səndə vardır fəqət nəcabətü şan. 
Bir baban var, cihanda şöhrətgir: 
Fazili-binəzir, Şeyx Kəbir. 
 
Z ə h r a 
Doğru, pək doğrudur sözün, lakin, 
Bəncə mə’nası yoq həsəb-nəsəbin.  
Qara quldan da alçaq olsa, inan, 
Yenə bəndən şərəflidir Sən’an. 
 
Ə z r a 
 
(pəncərəyə baqaraq) 
 
Gəliyor, İştə, gözlərin aydın... 
 
Z ə h r a 
 
(şaşqın) 
 
Kim? O kimdir? 
 
Ə z r a 
 
(əlilə göstərir) 
 
Zavallı pək dalğın... 
 
Z ə h r a 
 
(baqaraq) 
 
Ah, Sən’an! Nasıl da halı fəna!.. 
Bizi yalnız bıraq da... 
 
(odadan çıqdığı sırada Əzraya) 
 
Sonra sana 
Söylənir, şübhəsiz bütün əhval. 
 
Böyük bir təlaş içində qapıya yaqın bir guşədə bəklər. Şeyx Sən’an daxil olub baqınır. Zəhrayı görüncə halı dəyişir. 
 
 
Söylə, Sən’an, nədir bu müdhiş hal? 
 
Şeyx Sən’an sükut edər. 
 
Nə bəla var başında? Söylə, nə var?  
 
Şeyx Sən’an cəvab verməz. 
 
Söylə, aç söylə... 
 
Şeyx S ə n’ a n 
 
Etmə gəl israr. 
 
Z ə h r a 
 
Səndə var bəlli, bir yığın əsrar. 
Söylə, aç söylə, bivəfa, qəddar! 
Nə qiyafət bu? Sanki ağlarsın? 
 
Şeyx S ə n’ a n 
 
Şimdi get, sonra, sonra, anlarsın. 
 
Z ə h r a 
 
Bəndə bilməm nədir bu taleyi-şum! 
Sana halım deyilmidir mə’lum? 
Altı yıldır sənin əsirin ikən, 
Şimdi biganəyimmi gönlünə bən? 
Nə təbiət bu səndə? Həm nə tuhaf! 
Yoqmudur səndə mərhəmət, insaf? 
Nerdə əvvəlki və’dlər əcəba? 
Əcəba yoqmu, yoqmu, səndə vəfa? 
O məhəbbətlə parlayan gözlər, 
Şimdi bir başqa macəra söylər. 
Qalmamış bəndə zərrə tabü təvan, 
Məni qəhr et də, lakin atma, aman!.. 
 
Şeyx S ə n’ a n 
 
Səni atmaqmı!? Bir düşün, əcəba 
Bu olur şeymi, nazənin Zəhra? 
Sən mələksin, sevimli afətsin... 
 
 
Z ə h r a 
 
(Şeyx Sən’ana sarılaraq) 
 
Ah, sən xaliqi-fəzilətsin. 
 
Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalqar. Azacıq yüksəkdə, olduqca şairanə, cazibədar, behişti bir mənzərə görünür. Altın qanatlı mələklər əl-ələ, qol-qola olaraq incə qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii, mələk qiyafətində olan Xumar da onların içində bulunur. 
 
X u m a r 
 
Şeyx, gəl-gəl! Sevimli Sən’an, gəl! 
Sana layiq deyil o yer, yüksəl! 
 
Şeyx S ə n’ a n 
 
(şaşqın və həyəcanlı) 
 
Ah, o... Cənnət pərisi, nazlı mələk! 
Bana yüksəl diyor gülümsəyərək. 
 
Z ə h r a 
 
Söylə, Sən’an, nə var? Nə oldu yenə? 
Əcəba kim göründü gözlərinə? 
 
Şeyx S ə n’ a n 
 
Baq da gör, İştə cənnət, İştə mələk! 
 
Z ə h r a 
 
Nerdə? 
 
Şeyx S ə n’ a n 
 
Baq, dinlə, şimdi söyləyəcək.  
 
Zəhrada dərin bir heyrət. 
 
X u m a r 
 
(Şeyx Sən’ana) 
 
Durma, yüksəl, ənisi-ruhum, gəl! 
Mütərəddid görünmə! Gəl, yüksəl! 
Oqunur gözlərində nuri-dəha, 
Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. 
 
Şeyx S ə n’ a n 
 
Of, bəndən nə istiyorsun, get! 
Bəndə can qalmamış, bir insaf et. 
 
Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sən’an böyük bir təlaş və nədamətlə. 
 
Gediyor... a-h... getmə, atma bəni! 
Mərhəmət qıl, aman, unutma bəni! 
Getdi, eyvah, getdi... 
 
Z ə h r a 
 
Sən’an, kim? 
 
Şeyx S ə n’ a n 
 
(Xumara) 
 
Getmə, gəl a-h, nazənin mələgim!.. 
 
X u m a r 
 
(çəkilərək) 
 
Qal, səlamətlə qal, böyük Sən’an! 
 
Ucdakı pərdə qapanır, səhnə aydınlaşır. 
 
Şeyx S ə n’ a n 
 
Getdi, eyvah, küsdü getdi... Aman! 
 
Məcnunanə bir ıçqırıqdan sonra bayğın bir halda düşəcək olur. 
 
Z ə h r a 
 
(dərhal tutar, başını dizi üstünə alaraq) 
 
Nə fəlakətli hal, aman, ya Rəb! 
 
Ə z r a 
 
(gələrək) 
 
Bu nə dəhşət! Nədir bu halə səbəb? 

Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür. 
 
Şeyx M ə r v a n 
 
(istehzalı bir tövr ilə) 
 
Şeyx Əbuzər! Baq, İştə seyr eylə. 
Hər nə gördünsə get də aç, söylə. 
Olmuş ağuşi-nərmi Zəhranın 
Bəstəri-nazi Şeyx Sən’anın. 
 
Ə z r a 
 
(bunları görüncə Zəhraya) 
 
Gəldilər a-h, aman, çabuq gedəlim. 
Durma, Zəhra!.. 
 
Z ə h r a 
Fəqət, yazıq!.. 
 
Ə z r a 
 
Gedəlim! 
 
Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan haman Sən’anın üstünü alırlar. 
 
Şeyx Ə b u z ə r 
 
Bu nə pəjmürdə hal... Aman, Sən’an! 
 
Şeyx M ə r v a n 
 
Büsbütün hiylədir, inan... 
 
Şeyx Ə b u z ə r 
 
Sən’an! 
 
Şeyx M ə r v a n 
 
Xain, alçaq! Nasıl da baq, susuyor? 
Sanki bir tilki seyd için pusuyor. 
 
Şeyx Ə b u z ə r 
 
Sus bə! 
 
Şeyx M ə r v a n 
 
Aldanma tilkidir, tilki. 
 
(acı-acı gülər) 
 
Şeyx Ə b u z ə r 
 
(hiddətli) 
 
Nə təbiət bu səndə, bilməm ki!.. 
 
Şeyx M ə r v a n 
 
(müstəhzi) 
 
Əhli-hal eşq için əvət, bayılır, 
Haydı, Zəhrayı get, çağır, ayılır. 
 
Şeyx Ə b u z ə r 
 
Sus, yetər, iştə gəldi Şeyx Kəbir. 
 
Şeyx M ə r v a n 
 
Gəlsin, etsin də barı bir tədbir... 
 
Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx Hadi Şeyx Sən’anın başını qolları arasına alır. 
 
Şeyx K ə b i r 
 
Bu nasıl bət-bəniz? Oğul, Sən’an! 
 
(Şeyx Əbuzərə) 
 
Su gətir, haydı qoş! 
 
Şeyx H a d i 
 
Gecikmə, aman! 
 
Şeyx Əbuzər gedər. 
 
Şeyx Kəbir 
 
Hiç səbəbsiz deyil bu müdhiş hal!? 
 
Şeyx H a d i 
 
Nə də bayğın!.. Yoq onda tabü məcal.  
 
Şeyx K ə b i r 
 
Şübhəsiz, burda bir fəlakət var. 
 
Ü m u m 
 
Şübhəsiz, şübhəsiz bir illət var. 
 
Şeyx M ə r v a n 
 
Şübhəsiz, var cəzası hər əməlin, 
Hiç zərər yoq, cəzasıdır çəksin. 
 
Şeyx K ə b i r 
 
(hiddətli) 
 
Söylə, Mərvan, nasıl cəza? Nə əməl!? 
 
Şeyx M ə r v a n 
 
Möhtərəm Şeyx! Altı gün əvvəl 
Vardı Sən’anla bir mübahisəmiz, 
Bağırıb söylüyordu pərvasız; 
“Olsa me’rac, olur da ruhani, 
Həp yalandır üruci-cismani. 
Bir bəşərdir, diyordu peyğəmbər, 
Hiç görülmüşmü çıqsın ərşə bəşər?” 
 
Ü m u m 
 
(heyrətlə) 
 
Allah, Allah! 
 
Şeyx H a d i 
 
Saqın, inanmayınız! 
Çünki Sən’anı söylətən yalınız 
 
Şübhədir... Yoqsa şübhədən başqa 
Yoq onun bir qüsuru, yoq əsla. 
 
Su gəlir, həm Sən’anə içirir, həm də başını avuşdururlar. 
 
Şeyx K ə b i r 
 
Şübhədir hər həqiqətin anası, 
Şübhədir əhli-hikmətin babası. 
Şübhə etməkdə haqlıdır insan, 
Çünki hər kəscə bəllidir: Yaradan 
Hər zaman, hər tərəfdə nurəfşan, 
Fərqsiz onca həp zamanü məkan... 
Ona məxsus yoqsa bir mə’va, 
Ərşə çıqmaqda varmı bir mə’na? 
 
Şeyx N ə i m 
 
Sadə me’racı etmiyor inkar, 
Hələ tövhid için də şübhəsi var. 
Söylüyor: “Görməyincə xaliqi bən, 
İctinab eylərim pərəstişdən”. 
 
Şeyx M ə r v a n 
Bu zəlalətdir İştə... 
 
Şeyx H a d i 
Sus, sən sus! 
 
Şeyx M ə r v a n 
Sanki bən susdum, öylədir, əfsus. 
 
Şeyx K ə b i r 
 
(böyük bir dalğınlıqdan sonra)  
 
Şübhə artarsa, həm yəqin artar, 
Mə’rifət nuru şübhədən parlar, 
Zənn edərsəm yanılmıyor Sən’an, 
Çünki xəllaq için şərəfli məkan 
Eyi, parlaq könüllər olsa gərək... 
Kim ki, Allahı istiyor görmək, 
Arasın qəlbi-tabnakində, 
Arasın kəndi ruhi-pakində, 
Hər kimin qəlbi, ruhu düzgündür, 
Daima hiss edər də haqqı görür. 
Feyləsufanə ruha malik olan 
Yaşamaz ayrı hərgiz Allahdan. 

Şeyx Sən’an gözlərini açaraq donuq bir vəziyyətlə baqınır. 
 
Şeyx K ə b i r 
 
“Və minəl mai külli-şey’ün hey” 
 
Şeyx H a d i 
 
Su ilə canlanır, əvət, hər şey. 
 
Şeyx S ə n’ a n 
Of... 
 
Şeyx H a d i 
 
Sən’an! 
 
Şeyx K ə b i r 
 
Nasılsın, evladim? 
 
Ü m u m 
 
Çoq şükür!.. 
 
Şeyx M ə r v a n 
 
(Sən’ana) 
 
Tutduğundan ol nadim, 
Bir də hiç şübhə etmə!.. 
 
Şeyx S ə d r a 
 
(Mərvana) 
 
Sus, yahu! 
 
Şeyx S ə n’ a n 
 
(oturaraq, bitab) 
 
“Vəhdəhu la ilahə illa hu” 
 
Şeyx K ə b i r 
 
(Şeyx Mərvana) 
 
Hiç utandınmı? 
 
Şeyx H a d i 
 
(hakəza) 
 
Var sözünmü yenə? 
 
Şeyx N ə i m 
 
Hələ “Şəqqülqəmər” hekayəsinə, 
Veriyor başqa dürlü bin mə’na. 
 
Şeyx K ə b i r 
 
(Nəimə) 
 
Yetişir, sən də sus!.. 
 
Şeyx H a d i 
 
(yana) 
 
Səfil, ədna!.. 
 
Şeyx M ə r v a n 
 
(Nəimə, xüsusi) 
 
Hələ, Zəhra!.. 
 
Şeyx N ə i m 
 
Nasıl? 
 
Şeyx M ə r v a n 
 
Tuhaf bir sirr, 
 
O da bambaşqa bir rəzalətdir. 
 
Şeyx K ə b i r 
 
(mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə) 
 
Böylə dar ruha malik olduğunuz 
Hiç də layiq deyil... Yetər, susunuz! 
 
(dirsəklənib oturmaqda olan Sən’ana) 
 
Söylə, Sən’an, nə var? Nə oldu sana? 
 
Şeyx S ə n’ a n 
 
Möhtərəm Şeyx! Sorma, hiç sorma! 
 
Şeyx K ə b i r 
 
Nerdəsin? Üç gün oldu müntəziriz, 
Söylə, bir söylə...  
 
Şeyx S ə n’ a n 
 
(məhcub) 
 
A-h, əfv ediniz. 
 
Şeyx Kəbir 
 
Yaşamaqçin hicab qorquludur, 
Utananlar pək az müvəffəq olur. 
Bu sıqılmaqda bəncə yoq mə’na, 
Hər nə var, hiç çəkinmə, söylə bana. 
 
Şeyx S ə n’ a n 
 
Çünki dəhşətli gördüyüm rö’ya... 
 
Şeyx K ə b i r 
 
Söylə... 
 
Şeyx S ə n’ a n 
 
Hiç varmıyor dilim əsla. 
 
Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək onları böyük bir məraq ilə dinləyib dururlar. 
 
Şeyx H a d i 
 
(Sən’ana) 
 
Bu tərəddüd, inan ki, bicadır. 
 
Şeyx K ə b i r 
 
Bir həqiqət deyil bu, rö’yadır. 
 
Şeyx Sən’an yerindən qalqaraq rö’yasını söyləməyə başlar. Şeyx Kəbir onun sözlərini dinləyərək yeri gəldikcə başını təhərrüklə təsdiq və dəvam əlamətləri göstərir.  
 
Şeyx S ə n’ a n 
 
Ey böyük Şeyx! Gördüm ətrafi 
Sarıyor incə, xoş bir aydınlıq. 
Gecənin sanki xəndeyi-safi 
Saçıyor kainatə bayğınlıq. 
Ruhu təsxir edən gözəl məhtab, 
Dəmbədəm nəşr edərdi mevceyi-nur, 
Gəldi bir şeyx o dəm yüzündə niqab, 
Bəni ta gördü, oldu pək məsrur. 
Sanki bir tifl idim... Qucaqlayaraq 
Bir zaman öpdü, sevdi, hoplatdı. 
Sonra omzunda çoq atıb tutaraq, 
Gah gəzdirdi, gah oynatdı. 
Aqibət bən o möhtərəm şeyxin 
Sillələr endirib də yüz-gözünə, 
Əylənirdim... xilas edilmək için, 
Xeyli yalvardı, baqmadım sözünə. 
Azacıq keçdi, şeyxi-namə’lum, 
Bir də gördüm diyor ki: “Baq, Sən’an! 
Baq nə müdhiş, nasıl dərin uçurum. 
 İştə son mənzil! İştə Gürcüstan!” 
Baqdım eyvah, atıb da boynundan, 
Bəni bir an içində məhv edəcək. 
Bağırıb Haqdan istəyincə aman 
Qoşdu imdadə bir ziyalı mələk... 
 
Şeyx K ə b i r 
 
Sonra? 
 
Şeyx S ə n’ a n 
 
Ta şeyxə eylədim diqqət, 
Bəni titrətdi bir dərin heyrət. 
 
Şeyx K ə b i r 
 
Əcəba kimdi şeyx?  
 
Şeyx S ə n’ a n 
 
Sorma!.. 
 
Şeyx K ə b i r 
 
Niçin? 
 
Şeyx S ə n’ a n 
 
Sən idin ah, o şeyx, əvət, sən idin. 
 
Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mə’nalı bir tərzdə başını təhərrüklə, bir qadar sükut ixtiyar edər. 
 
Bəni, şeyxim, bağışla, mə’zurim; 
Çünki məğdur, həm də mənfurim. 
 
Şeyx M ə r v a n 
 
(yarım səslə Nəimə) 
 
İştə gördünmü? Baq, nasıl xain!.. 
 
Şeyx N ə i m 
 
(Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı) 
 
Baqalım, bir nə söylüyor kahin! 
 
Şeyx H a d i 
 
(Sən’anı təsliyətlə) 
 
Bunca dəhşət, inan ki, bicadır. 
 
Şeyx S ə d r a 
 
Hiç təlaş istəməz, bu rö’yadır. 
 
Şeyx K ə b i r 
 
(Sən’ana) 
 
Oğlum! Er-gec tutar cihanı adın, 
Söylənir ictihadü irşadın. 
Cahil-arif, böyük-küçük yeksər, 
Səni özlər, sevər, pərəstiş edər. 
Bəni bir gün gəlir də xalq unutub 
Sana həp əhli-hal olur məczub. 
Hər kəsdə qibtəli bir heyrət. 
 
Şeyx H a d i 
 
(arqadaşlarına) 
 
Bu nə tale, nasıl məziyyətdir?! 
 
Şeyx S ə d r a 
 
Şübhəsiz ən böyük səadətdir. 
 
Ə b ü l ü l a 
 
Kimsə bir böylə şanlı gün görməz... 
 
Şeyx K ə b i r 
 
Bu səadət fəqət uzun sürməz. 
 
(Sən’ana) 
 
Çünki rö’yada gördüyün uçurum 
Səni eylər bu feyzdən məhrum, 
Baş verir səndən öylə bir hərəkət 
Ki, bütün xalq edər həman nifrət. 
Alçalır, ruhun alçalır... Ancaq, 
Səni alçaldan ehtiras olacaq. 
 
Şeyx M ə r v a n 
 
(Nəimə) 
 
Bu, fəzilət deyil, rəzalətdir... 
 
Şeyx N ə i m 
 
(Mərvana) 
 
Bu, səadət deyil də, zillətdir. 
 
Şeyx Sən’an məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna qoyar. 
 
Şeyx K ə b i r 
 
Səni annən doğurdu Turanda, 
Yaşadın bir zaman da Iranda, 
Kəsbi-irfan için, fəzilət için 
Sonra Iranı tərk edib gəldin, 
Ərəbistanı ixtiyar etdin. 
Gənc ikən kəsbi-iştihar etdin. 
Lakin ən son yerin, zəki Sən’an! 
Olacaq son nəfəsdə Gürcüstan. 
Qapılıb hissə olmasan gümrah, 
Olacaq məqbərin ziyarətgah. 
 
Şeyx S ə n’ a n 
 
Şeyxim, əfv et, fəqət bir ərzim var. 
 
Şeyx K ə b i r 
 
Söylə, yavrum, sıqılma, yoq icbar. 
 
Şeyx S ə n’a n 
 
Hanki şeydir səbəb fəlakətimə? 
Onu mümkünsə, söylə, gizlətmə! 
  
 
Z ə h r a 
 
A-h!.. 
 
Şeyx K ə b i r 
 
O yalnız qadındır, İştə qadın! 
 
Şeyx M ə r v a n 
 
(istehzalı bir tövr ilə Şeyx Əbuzərə) 
 
Söylə Zəhrayə: “Gözlərin aydın!” 
 
Şeyx S ə n’a n 
 
(göyə doğru) 
 
Ey böyük Tanrı, ey böyük Yaradan! 
Hər qulun halı, fikri səncə əyan. 
Bəni səndən gözəl bilən, tanıyan, 
Varmı, ey xaliqi-zəminü zaman! 
 
(Şeyx Kəbirə) 
 
Bən otuz yıl cihanda zahidvar, 
Bilmədim qız-qadın nədir zinhar. 
Nə qadar bəndə varsa hissü həyat, 
Ehtirasatə düşmənim... heyhat! 
Bana biganə, zevqi-nəfsani, 
Sevdiyim yalnız eşqi-ruhani... 
Daha gönlümdə qeyri eşqə, inan, 
Yer bulunmaz, xayır... xayır... 

Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalqaraq ta ucda əvvəlki behişti mənzərə görünməyə başlar. 
 
Xumar 
 
(sıtmalı bir ahənglə) 
 
Sən’an! 
 
Nə çabuq çıqdı xatirindən? 
 
Şeyx S ə n’ a n 
Aman!.. 
Bən şaşırdım. Saqın, inanma! 
 
X u m a r 
 
Yalan!.. 
Hər kəsdə böyük bir heyrət... 
 
Şeyx S ə n’a n 
Ah, gəl, gəl, qüsurə baqma... 
 
Şeyx K ə b i r 
Nə o? 
Nədir, oğlum? 
 
Şeyx S ə n’ a n 
Odur, o!.. Baq, yenə o! 
 
(Xumara) 
 
Bəni əfv et!.. 
 
X u m a r 
 
Sevimli Sən’an, gəl! 
Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl! 
 
(gedəcək olur) 
 
Şeyx S ə n’ a n 
 
(Xumara doğru qoşaraq şaşqın və məcnunanə) 
 
Gediyor... A-h, getmə! 
 
 
Şeyx K ə b i r 
 
Kimdir o, kim? 
 
İkinci pərdə yavaş-yavaş qapanmağa başlar. 
 
Şeyx Sən’an 
 
(yaralı və həyəcanlı) 
 
Getmə, dur!.. Getmə, nazənin mələgim! 
 
(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.) 
 
Şeyx K ə b i r 
 
Allah-Allah, nədir bu əfsanə!? 
 
Şeyx M ə r v a n 
 
 İştə divanədir o, divanə!.. 
 
Şeyx Sən’anın qorqunc halını seyr etməkdə olan Zəhra pək həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar. 
 

Pərdə

 

 

II SƏHNƏ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR