Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (I səhnə)

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (I səhnə)
Sakura

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (I səhnə)

I SƏHNƏ

 


İkinci pərdənin səhnəsində olduğu kibi, yol üzərində küçük bir balkon... Qarşıda çiçəkli bir baqça; mayıs... Pazar günü... Pərdə açıldıqda dört-beş dəliqanlı gürcü sərxoş bir halda yoldan keçərlər. Bunlardan biri öndə çalğı çalar, biri də tuhaf və gülünc vəziyyətlərlə oynar, digərləri isə əl çalarlar. Nina balkona çıqıb onları tamaşayə dalar. Dəliqanlılar çalıb oynadıqları halda uzaqlaşıb gedərlər. Bu sırada Xumar da çıqar.
 
Nina 
(Xumara) 
Daima evdə sanki bir dutsaq... 
Nə olur bir çıqıb hava alsaq!? 
Şimdi var hər gönüldə zevqə həvəs, 
Çalar, oynar da əylənir hər kəs. 
Baq, cihan həp gülümsüyor, bir baq! 
Sən fəqət, sən bu feyzdən pək uzaq... 

Xumar 
Bəni sən hiç məlamət etmə, gülüm! 
Hər nə yapsam açılmıyor gönlüm. 
Şu dilara, sevimli mənzərələr 
Artırır bəndə sanki hüznü kədər. 

Bu sırada öncə əlvan geyinmiş qızlar və çocuqlar, sonra dəliqanlılar, nəş’əli, munis bir ahənglə şərqi çağıra-çağıra gəlib keçərlər. 

Q ı z l a r v ə ç o c u q l a r 
Açmış mənəkşə, sünbül, 
Xəndan olur qızılgül; 
Ötdükcə, sanki bülbül 
Rəqs etdirir xəyali... 

D ə l i q a n l ı l a r 
Hərdəm günəş gülümsər, 
Süslər cihanı yeksər; 
Məczub edər sərasər 
Ənzari-əhli-hali... 

Q ı z l a r v ə ç o c u q l a r 
Dünya tərəblə dolmuş, 
Bir parça cənnət olmuş, 
Hər ruh nəş’ə bulmuş, 
Hər qəlb açıq, səfali... 

D ə l i q a n l ı l a r 
Hər gözdə bir məhəbbət, 
Hər yüzdə bir səadət; 
Həp əhli-zevqü işrət 
Sərməstü laübali... 

Bu anda sür’ətli bir surətdə kilisədə çalınmaqda olan çan səsi eşidilməyə başlar. 

Xumar 
Nina, baq, İştə dinlə çan səsini, 
Dinlə ömrün şikəstə naləsini. 
Xalq bir yanda şərqilər çağırır, 
Çalar, oynar da, həp gülər, bağırır, 
Başqa bir yanda bir zavallı fəqət 
Zevqi-dünyayə həp qalır həsrət. 
Sarsılır cümlə əqrəbası onun 
Daima yaslı, daima məhzun... 

Nina 
Sən məraq etmə, hiç sıqılma, Xumar! 
Çünki bir fərd ölür də, dördü doğar. 

Xumar 
Doğar, amma doğub doğurmaqdan 
Nə çıqar sanki!? 

Nina 
(yola baqaraq) 
İştə gəldi baban! 

Xumar 
(papası babası ilə bərabər görüncə, istikrahla) 
Şu papas, ah! Pək xəyanətkar, 
Yenə bəsbəlli bir xəyanəti var. 

Hər ikisi içəri girər, təkrar çan səsi eşidilir. 

Papas 
İştə baq, dinliyormusun, Platon? 

P l a t o n 
Yenə kimdir ölən? 

Papas 
Zavallı Simon. 

P l a t o n 
Ah, yazıq! Söylə bir, nə oldu? Nasıl? 

Papas 
Aşiq olmuş Xumarə tam iki yıl, 
Ağlayıb sızlamış... fəqət naçar, 
Aqibət vermiş intiharə qərar. 

P l a t o n 
Pək yazıq!.. Başqa bir yigitti Simon. 

Papas 
Hələ biçarə Anton, a-h, Anton!.. 
Sanki bitmiş də, yoq həyat onda, 
O da er-gec olur Xumarə fəda. 

P l a t o n 
Şeyx Sən’anı mütməin etdim, 
Çarə yoq, söz verib yəmin etdim. 

Papas 
Bulunur şeymi öylə bir evlad! 
Qızı bədbəxt edərsin, etmə inad! 

P l a t o n 
(laübali qəhqəhə ilə) 
Pək tuhaf!.. Kim? Xumarmı?! Pək yanılış... 
Fərq yoq, onca bir demək yaz-qış. 
Həp müsavidir, onca hüznü nəşat, 
Onca birdir əvət, həyatü məmat. 

Papas 
Anlamam bən nədir bu lafü gəzaf 
Platon, səndə yoqmudur insaf? 

P l a t o n 
(Papasın qolundan tutaraq) 
Pək gözəl... Anladım məramını, gəl! 
Dinləriz hər nə olsa hökmi-əzəl. 

Hər ikisi içəri girər. Bu sırada Şeyx Sən’an zində və nurani bir sima ilə, fəqət saçı, saqalı büsbütün ağarmış, əlində bir çoban dəgnəgi olduğu halda bağça tərəfində görünür, ağır və düşüncəli adımlarla balkona doğru ilərləməyə başlar. Bu anda Xumar da balkona çıqar. Şeyx Sən’an Xumarın qarşısında duraraq mə’nalı və söz söyləyəcək bir baqışla baqıb durur. 

Xumar 
Yoqsa bir xahişinmi var, Sən’an? 
Hər nə qəlbində varsa, eylə bəyan... 

Şeyx Sən’an 
Söylə, ey aşinayi-vicdanım! 
Söylə, sən söylə, nazlı sultanım. 
Söylə, sən söylə... bəndə taqət yoq, 
Bir də zənnimcə ərzə hacət yoq. 
Bəllidir çünki səncə hər halım, 
Çünki sənsin pəriyi-amalım... 

Xumar 
(nazikanə) 
Fikriniz pək dumanlı, pək mübhəm... 
Nə demək istiyorsunuz, bilməm?.. 

Azacıq sükut. 

Serğo 
(gələrək, Şeyx Sən’anə) 
Soruşub bir yığın sarıqlı adam, 
Səni, şeyxim, arardı biaram. 
Qaliba həpsi əski yoldaşlar, 
Azacıq sonra həp gəlir də çıqar. 

Şeyx Sən’an 
(hiddətli və usanmış bir halda) 
O domuzlar ki, otlatır Sən’an 
Şübhəsiz, fərqi yoqdur onlardan. 
İstəməm görmək, istəməm... Sən get, 
Yolda qandır, çevir, həmən dəf’ et! 
Serğo dərhal uzaqlaşıb gedər. 
(pərəstişkaranə bir vəziyyətlə) 
Bir düşün!.. Nazənin, sevimli Xumar! 
Bəllidir İştə səncə həp əsrar. 
Getdi uğrunda dinü imanım, 
Getdi həp fəzlü şöhrətim, şanım. 
Unutub cümlə hökmi-Qur’anı, 
Oldum axırda bir domuz çobanı. 
(başını açaraq) 
Saqalım, həp saçım ağardı bütün, 
İki yıldır ki, gülmədim bir gün. 
Bəni yalnız yaşatdı bir rö’ya, 
Öylə rö’ya ki, datlı bir xülya... 
Dərdi-həsrətlə daima yanaraq, 
Yaşadım bir xəyalə aldanaraq. 
Söylə, əmrin nədir, gözəl mələgim? 
Hədər olsunmu şimdi həp əməgim? 

Xumar 
(səmimi və mütəəssir) 
Möhtərəm şeyx!.. Ey böyük Sən’an! 
(artıq sözünə dəvam edəməz) 

Şeyx Sən’an 
Söylə, ruhum! Düşünmə, söylə, aman! 
Söylə, əsla çəkinmə, söylə, Xumar! 
Bəndə hər əmrə qarşı hörmət var. 
Məzhər olduqca hər xitabinə bən, 
Keçərim sanki kəndi-kəndimdən. 
Söylə, güldür bu ruhi-nalanı, 
Gül, sevindir bu qəlbi-giryanı, 
Bana səndən gəlirsə qəhrü itab, 
Yenə gönlüm edər qəbulə şitab. 
Sənin uğrunda məhv olub getmək 
Ən böyük bir səadət olsa gərək... 

Bu sırada P a p a s , P l a t o n və N i n a balkona çıqarlar. 

P l a t o n 
(Xumarə) 
Yenə Sən’an nə istiyor əcəba? 

Şeyx Sən’an 
Tək vəfa istərim də, və’də vəfa. 

Papas 
Nə demək istiyorsun? Izah et! 

Şeyx Sən’an 
(azacıq hiddətli və e’tinasız) 
Sana race deyil sözüm, keç get! 

Papas 
(Platona) 
Zənn edərsəm şu dərbədər məcnun. 

Şeyx Sən’an 
(zəhrxənd ilə) 
Xəlqi məcnunlar ədd edər məcnun. 

P l a t o n 
Soralım bir Xumarə... 

Papas 
Olmaz, inan, 
Xayır, əsla bu işdə yoq imkan. 
Şu hərif çünki tutmamış sözini, 
İzliyormuş həp əski yol-izini. 

P l a t o n 
Nə diyorsun, canım!? 

Papas 
Əmin olunuz, 
Görmədim böylə Tanrısız, yolsuz, 
Yenə Qur’an oqur, namaz qılar, 
Yenə islamə qarşı hürməti var. 

Şeyx Sən’an 
(Platona) 
Həp yalan, iftira!.. Inanma, saqın! 

Papas 
(hücum ilə şeyxin göksünü açaraq) 
Hanı, göstər nə oldu, nerdə xaçın? 
(xaçı bulamayınca, qayət hiddətli) 
İştə gördünmü? Sayğısız, xain! 
Varmıdır sanki səndə məzhəb, din? 

Şeyx Sən’an 
(zəhrxənd ilə) 
Arif ol, arif!.. Atma vicdanı, 
Ara qəlbində dini, imanı. 
(Papasın göksündəki böyük xaça işarətlə) 
Zahirin pək gözəl, fəqət nə çıqar? 
Oynaşır batinində şeytanlar. 

Papas 
(şaşqın və hiddətli) 
Ah, sus!.. Insan qılıqlı şeytan, sus! 

Şeyx Sən’an 
Sanki bən susdum, öylədir əfsus. 

Papas 
Haydı, get! Burda durma, get, dəf’ ol! 
Get! Əvət, başqa bir pənah ara, bul. 

Xumar 
A-h! 

P l a t o n 
(Papasa) 
Gəl, gəl!.. Zavallı şeyxi bıraq! 

Papas 
(Şeyx Sən’ana) 
Get, çəkil, durma!.. Sərsəri, alçaq! 

Şeyx Sən’an 
A-h, alçaqmı? Sərsərimi?!. 

Papas 
Əvət, 
Sana layiq cəza budur əlbət... 

Dərhal Xumar ilə Platonu yaqalar, bərabər içəri girərlər. Yalnız Nina dışarıda qalıb şaşqın bir halda düşünüb durur. 

Şeyx Sən’an 
(Xumarın getdiyini görüncə, suzişli və məcnunanə) 
Getmə, gəl!.. Nazənin Xumarım, gəl! 
Daha yoq səbrü ixtiyarım, gəl! 
Bitdi, məhv oldu bənligim, heyhat!.. 
Bəndə yoq qeyri arizuyi-həyat. 
Getdi, həp söndü, getdi hər əməlim, 
Gözəlim! Gəl də bir vida edəlim. 
Gəl!.. Aman, gəl!.. Gecikmə gəl, mələgim! 
(geri çəkilib yol üzərində münfəil və mütəhəssir bir halda baqaraq) 
Əlvida!.. Əlvida!.. Gözəl mələgim!.. 
(mütərəddid və məcnunanə adımlarla sağ tərəfdən çəkilib gedər.) 

Xumar 
(çıqaraq, Ninaya) 
Nerdə Sən’an? Nə oldu? 

Nina 
Getdi, Xumar! 
Getdi, məcnuni-eşqin etdi fərar. 

Xumar 
O böyük qəlbi qırdılarmı?.. Aman, 
Onu təhqir edən nasıl insan? 
(yola doğru enərək, şeyxin getdiyi tərəfə) 
Ey böyük şeyx! Ey böyük Sən’an, 
Azacıq bəklə, getmə, getmə, aman!.. 

Həmən qoşaraq şeyxi izlər, Nina kəndisi də Xumarı izlər. Bu sırada Özdəmirlə Oğuz öndə olaraq Ş e y x H a d i , bütün şeyxlər və müridlərlə bərabər yolun sol tərəfindən çıqarlar

Ümum 
(həyəcanlı bir ahənglə) 
Nerdədir? Nerdə rəhbəri-vicdan? 
Söyləyin nerdə qibleyi-iman? 
Şeyximiz nerdə, nerdədir Sən’an? 
Söyləyin nerdə Kə’beyi-irfan?.. 

Papas 
(Platonla bərabər balkona çıqaraq) 
Kimi istərsiniz? Nə var, nə xəbər!? 

Ümum 
Şeyx Sən’anı lütf edib göstər! 

Papas 
Kim bilir nerdə şeyxiniz? Əl’an 
Dəf’ olub getdi, burda yoq Sən’an! 

Ümum 
(həyəcanlı və sarsılmış bir halda papasa) 
Sana layiqmi böylə bir tə’bir, 
Şeyxi həddinmi eyləmək təhqir? 
Sana layiqmi böylə bir həzyan? 
Bir düşün, bir düşün, səfil insan. 

P l a t o n 
Arqadaşlar, qüsurə baqmayınız, 
Azacıq burda bəkləyin yalınız, 
Şimdi nerdəysə şeyxiniz Sən’an, 
Gəlir əlbət... gəlir çıqar əl’an. 

Q ı z l a r , ç o c u q l a r və d ə l i q a n l ı l a r bir yerdə qarışıq səslə təranəsaz olaraq gəlirlər. Hər kəs onlara mültəfit olur. 

Açmış mənəkşə, sünbül, 
Xəndan olur qızılgül, 
Ötdükcə sanki bülbül, 
Rəqs etdirir xəyali... 

Bu sırada Nina böyük bir təlaş ilə sağ tərəfdən qoşub gəlir və hər kəsin nəzərdiqqətini cəlb edər

Nina 
Getdi, eyvah, getdi, getdi Xumar, 
O da Sən’anə uydu, etdi fərar. 

P l a t o n 
(böyük bir hiddətlə papasa) 
İştə gördünmü? Sayğısız budala! 
Bəni aləmdə eylədin rüsva... 

Papas 
(yoldan keçən gürcülərə) 
Düşünün bir nə söylüyor Nina, 
Daha durmaqda varmı bir mə’na!? 

Gürcülər 
Fürsət əldən çıqar, həmən gedəlim. 
(Dərhal qoşub gedərlər.) 

Şeyx Hadi 
(yanındakılara) 
Gedəlim, biz də şeyxi dərk edəlim. 

Ümum 
Gedəlim, haydı durmayın, gedəlim! 
Gedəlim, şeyxə can nisar edəlim... 

Onlar da həyəcanlı və sür’ətli adımlarla gürcüləri izlər. Artıq son beyt bitmək üzrə ikən pərdə qapanmış olur. 

 

Pərdə

 

 

II SƏHNƏ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR