Slimfit
  1. ARAŞDIRMA

"Muzeyə gəlməzdən qabaq xəbər edin, bir də görürsən işığımız olmur"

"Muzeyə gəlməzdən qabaq xəbər edin, bir də görürsən işığımız olmur"
Sakura

"Muzeyə gəlməzdən qabaq xəbər edin, bir də görürsən işığımız olmur"

Muzeylər hər bir xalqın tarixi, maddi və mənəvi dəyərlərini qoruyub saxlamaqla keçmişin müxtəlif dövrlərini özündə təcəssüm etdirən, əsrlərlə yaşanmış hadisələr barədə insanlarda təsəvvür yaradan maddi-mənəvi xəzinə sayılır. Dünyanın müxtəlif ölkələrində ədəbiyyat, tarix, incəsənət, musiqi, qoruq və digər mahiyyətli muzeylər mövcuddur. 1978-ci ildən etibarən YUNESKO-nun təşəbbüsü ilə 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Dünyanın ən çox ziyarət edilən muzeyləri Fransanın “Luvr”, Böyük Britaniyanın “Britaniya” və London Milli Qalareyası muzeyləridir. 

Azərbaycanda da qədim zamanlardan kolleksiyaçılıq ənənələri olsa da, muzeyçilik fəaliyyəti nisbətən gec, yəni XIX-XX əsrlərin ayrıcında təşəkkül tapıb. Statistik göstəricilərə nəzər salsaq, əgər 1990-cı ildə Azərbaycanda 124 muzey fəaliyyət göstərirdisə, 2017-ci ildə bu rəqəm 238 olub. Eyni zamanda muzeylərə gələn ziyarətçilərin sayında da ildən-ilə artım qeydə alınıb. Belə ki, 2013-cü ildə ölkədaxili muzeyləri ziyarət edənlərin sayı 2 212 nəfər, 2014-cü ildə 2 531 nəfər, 2015-ci ildə 2 578 nəfər, 2016-cı ildə 2 697 nəfər, 2017-ci ildə isə 3 003 nəfər təşkil edib. Təbii ki, muzeylər hər ölkənin bir mənəvi xəzinəsi olmaqla yanaşı, eyni zamanda turistlərin üz tutduqları məkanlardan biri kimi iqtisadi cəhətdən də mühüm əhəmiyyətə malikdir.

Report” Azərbaycanda yerləşən muzeylərdəki ümumi vəziyyəti, ziyarətçi sayını və qiymətləri araşdırıb. 

Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylərə misal olaraq Arxeologiya və Enoqrafiya Muzeyi, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi, Azərbaycan Geologiya Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Təhsil Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Təbabəti Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və digər muzeyləri göstərmək olar.

Muzeylərə gedən varmı?

Turizm mütəxəssisi Təranə Əliyevanın sözlərinə görə, bəzi muzeylər istisna olmaqla, əksər muzeylərdə ziyarətçi sayı xeyli azdır:

"Azərbaycan Milli Xalça Muzeyinə gələnlərin sayı kifayət qədərdir. Ziyarətçi sayının nisbətən çox olduğu digər muzeylər isə Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Lakin digər muzeylərə gedənlərin sayı xeyli azdır.

 

Turizm şirkətləri muzeylərə turlar təklif etsələr də buna maraq göstərənlər çox olmur. Elə Azərbaycana gələn xarici turistlər də çox da məşhur olmayan muzeyləri ziyarət etməyə bir o qədər həvəsli olmurlar. Çünki onlar əksər halda maksimum 1 həftəlik gəlirlər və bu az müddəti Azərbaycanın məşhur yerlərini görməyə sərf etmək istəyirlər. Eyni sözü yerli turistlərə də şamil etmək olar.

Bizim insanların əsas üstünlük verdiyi istirahət forması, harasa təbiət qoynuna gedib istirahət etməkdir. Böyüklər çox az halda özləri muzeylərə gedir və övladlarını da aparırlar. Elə bu səbəbdən də Azərbaycanda muzeylərə gedənlərin sayı azdır. Yaxşı ki, məktəblər tərəfindən şagirdlərin muzey ziyarətləri təşkil edilir. Yoxsa vəziyyət acınacaqlı olar. Muzeylərə gedənlərin sayının az olmasının səbəblərindən biri bizdə bu sahədə təbliğat-təşfiqat kampaniyalarının zəif olmasıdır.

Avropa ölkələrində turizm gəlirlərinin içində muzey turizmindən gələn gəlirlər əhəmiyyətli yer tutur. Düşünürəm ki, biz də beynəlxalq standartlara uygun olan muzeylərin sayını artırmalıyıq.

 

Hazırda muzeylərimizdə çatışmayan cəhətlərdən biri də məlumat xarakterli lövhələrin bir neçə beynəlxalq dildə yazılmamasıdır. Bu fakt bütün muzeylərə aid olmasa da əksəriyyətində belədir. Olkəmizə ən çox gələn turist sayının rus dilli turistlər oldugunu nəzərə alaraq, məlumatların Azərbaycan, İngilis dilləri ilə bərabər, həm də Rus dilində olması yaxşı olar".

Muzeyləri ziyarətçi sayı qane edirmi? 

Bu barədə həmsöhbətimiz olan Azərbaycan İstiqlal Muzeyinin Elmi-Kütləvi İşlər şöbəsinin müdiri Sədi Mirseyibli "Report"a bildirib ki, muzeyə gələn insanların sayı qənaətbəxş hesab oluna bilər: “Ziyarətçilərin içində hər yaş qrupundan olan həm yerli, həm də xarici qonaqlar olur. Demək olar ki, hər gün muzeyimizi ziyarət edənlər var. Baxmayaraq ki, artıq tədris ili yekunlaşıb, elə iki gün bundan əvvəl 50 məktəbli muzeyimizi ziyarət etməyə gəlmişdi. İl ərzində, təqribən, 6-8 min, bir ayda isə 300-350 ziyarətçimiz olur. Bu, tez-tez dəyişən bir rəqəmdir. Məsələn, may ayında 1 500-ə qədər qonağımız olmuşdu. 

Yay aylarında muzeyimizə gələnlər arasında xarici turistlər, digər aylarda isə məktəblilər üstünlük təşkil edir. Yerli əhali arasında qrup halında gələnlərlə bərabər, fərdi şəkildə muzeyimizi ziyarət edənlər də az deyil. Biz müqavilə əsasında turizm şirkətləri ilə də işləyirik. Muzeyimizin özünün saytı, “Facebook” və “İnstagram” səhifələri var. Bu səhifələrdə mütəmadi olaraq muzeyin keçirdiyi tədbirlər barədə məlumatlar paylaşılır”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ekspozisiyanın qorunması, izahı və audio-video müşayiətinin təmini şöbəsinin müdiri Tomiris Babanlı da muzeyə kifayət qədər ziyarətçinin gəldiyini vurğulayıb: 

“Heç oturub dincəlməyə vaxtımız olmur. İndi yay olduğu üçün əsas ziyarətçilərimiz turistlərdir. Hazırda muzeyimizə gələn xarici turistlər arasında ərəblər, Pakistan, Çin, ABŞ, İngiltərə vətəndaşları üstünlük təşkil edir. Bu ay Almaniyadan gələnlərin də sayı çoxalıb. Muzeyimizdə demək olar ki, hər gün Rusiyadan gəlmiş qonaqlara təsadüf olunur. Mart ayında isə Novruz bayramı ilə əlaqədar İran və Türkiyədən gələnlər daha çox nəzərə çarpır. Yerli əhalidən muzeyimizə ən çox gələnlər arasında tələbə və şagirdlər üstünlük təşkil edir. 

Ümumilikdə, il ərzində muzeyimizə gələn yerli və xarici ziyarətçilərin sayını bərabər hesab etmək olar. Bundan əlavə rayonlardan da gələn tamaşaçılarımız olur. Misal üçün, 2017-ci ildə muzeyimizi ziyarət edənlərin sayı 1 763 nəfər, 2018-ci ildə isə 1 751 nəfər olub. Bu il isə yanvar ayında tamaşaçılarımızın sayı 806 nəfər, fevralda 658 nəfər, martda 330 nəfər təşkil edib. Mayın 18-i Beynəlxalq Muzey Günündə muzeyimiz 3240 nəfər qonağı qəbul edib”.

 

 

 

        

Giriş qiymətləri neçəyədir?

Bəzi muzeylərə giriş ödənişli olsa da, bəzilərinə ödənişsizdir. Qiymətlərin necə olduğunu öyrənmək üçün paytaxtda yerləşən bir neçə muzeylə əlaqə saxladıq.

Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyindən giriş haqqının həm yerli, həm əcnəbi məktəblilər üçün 1 manat, tələbələr və böyüklər üçün isə 2 manat olduğunu bildirdilər. Muzeydən ziyarətçilərin ora getməzdən bir gün əvvəl məlumat verməsi xahiş edilib: “Çünki bir də görürsən burada işıq olmur”. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi ölkənin kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqındadır. Dünyada bu təyinatlı yalnız 5 muzey fəaliyyət göstərir.

Azərbaycan Geologiya Muzeyinə də giriş pulsuzdur. Muzeydə ölkənin bütün bölgələrindən 5 000 dağ süxurları, minerallar və kristallar saxlanılır. Muzeyə gələnlər həmçinin geologiya ilə bağlı audio və video materiallarla da tanış ola bilirlər.

Xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı Azərbaycan İstiqlal Muzeyində məktəbli və tələbələr üçün giriş haqqı manat, böyüklər üçün manat, əcnəbilər üçün isə 5 manatdır.

Azərbaycanın ən böyük incəsənət muzeyi olan və içində 17 mindən çox eksponatın saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyinə əcnəbilər üçün giriş 10 manat təşkil edir. Yerli vətəndaşlardan isə məktəblilər üçün 1, tələbələr üçün 2, böyüklər üçün isə 5 manat giriş haqqı tələb olunur.

Azərbaycan Respublikası Milli Təhsil Muzeyinin əsası 1932-ci ildə qoyulub. Muzeyin zəngin fondu və kitabxanasında minlərlə sənəd, fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanıb. Muzeyə giriş üçün ödəniş tələb olunmur.

Milli Azərbaycan Tarix Muzeyində də giriş məktəbli və tələbələr üçün 2 manat, böyüklər üçün 5 manat, əcnəbilər üçün 10 manat olub. Amma hazırda muzey təmirlə əlaqədar bağlıdır və təmirin nə zaman bitəcəyi barədə dəqiq məlumat yoxdur. Muzey Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan maddi-mənəvi nümunələrlə zəngindir.

Hazırda ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlandığı yer kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzeyə giriş istər yerli, istərsə də əcnəbi məktəbli və tələbələr üçün 3 manat, böyüklər üçün isə 7 manatdır.

 

Muzeydə xalçaların satışı da həyata keçirilir. Belə ki, burada 3 500 manata Borçalı xalçası, 2 000 manata Təbriz xalçası, 2 000 manata Salyan xalçası, 1 309 manata namazlıq Borçalı xalçası, 1 368 manata namazlıq Şirvan xalçası satılır. Qeyd olunan xalçaların hamısı əl işidir.

Miniatür Kitab Muzeyinin ekspozisiyası 27 vitrində yerləşdirilib. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3 750 miniatür kitab düzülüb. Muzeyin kitab fondunda isə 5 300-dən çox miniatür nəşr var. Muzeyə giriş pulsuzdur.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş isə yalnız Pakistan vətəndaşları üçün pulsuzdur. Muzeydən "Report"a bildirilib ki, Pakistan vətəndaşlarının muzeyə girişinin ödənişsiz olması bu dövlətin Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri olmasıdır. MDB ölkələrinin vətəndaşları üçün giriş 7 manat, digər ölkələrdən olanlar üçün 10 manatdır. Yerli vətəndaşlardan isə məktəblilər və tələbələr üçün 2, böyüklər üçün manat tələb olunur. Muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.

Azərbaycan Təbabəti Muzeyinə də giriş pulsuzdur. Muzeydən "Report"a bildirilib ki, burada qış aylarında bəzən işıqlar sönür: "Daha belə hallar yaşanmır". Muzey tibb və səhiyyənin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin bu sahədəki nailiyyətlərini işıqlandırmaq və təbliğ etmək məqsədi ilə təşkil olunub.

1967-ci ildə yaradılan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda 60 minə yaxın eksponat toplanıb. Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri -  əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Üzəyir Hacıbəyovun, Bülbülün, Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Muzeyə giriş haqqı yerli vətəndaşlar üçün 1 manat, əcnəbilər üçün 5 manat təşkil edir.

Qeyd edək ki, əksər muzeylər gəlməzdən öncə onlara əvvəlcədən xəbərdarlıq etməyimizi xahiş etdilər. Muzeylərin bəzilərinin internet saytı olmadığından telefon nömrələrini tapmaq çətindir. Elə muzey var ki, onun "vikipedia"da qeyd olunan nömrəsi muzey nömrəsi deyil, hansısa fərdi yaşayış evinin nömrəsidir. Bəzi muzeylərin əməkdaşları qiymətlər barədə tam dəqiq məlumat verməkdə çətinlik çəkirlər. Əksər muzeylərin kassalarının telefon nömrəsi internetdə yoxdur. İnternetdən digər şöbələrin nömrələrini tapdığımız muzeylərin bir çoxunda isə telefona cavab verən olmadı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR