Slimfit
  1. AZƏRBAYCAN

Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır

Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır
Sakura

“Keyfiyyətli balın müştərisi hər zaman çox olur”

Qubalı arıçı Əziz Ələkbərov istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 300 arı ailəsindən ibarət təsərrüfata sahib olan fermer artıq dörd ildir gündoğan ölkəyə müştərilərlə müqavilə əsasında bal göndərir. Yerli sahibkarlarla yaponiyalı iş adamları arasında razılaşmaya əsasən il ərzində 6-7 ton bal ixrac olunur ki, bunun da bir tonunu Əziz Ələkbərov təmin edir.

20 ildir arıçılıqla məşğul olan Əziz Ələkbərov təsərrüfatında bu ilin sonuncu bal süzümünü həyata keçirir. Proses müasir avadanlıqlar vasitəsilə aparıldığından itki minimuma endirilib.

Qubanın Susayqışlaq kəndindən olan arıçı builki məhsuldarlıqdan da razıdır. Hər arı yeşiyindən 15-20 kiloqram bal götürüb.

“Biz yüksək məhsuldarlıq əldə etmək üçün mövsüm boyu arıların yerini 5-6 dəfə dəyişmişik. Bu, böyük zəhmət və xərc tələb edir. Bu işi görməsən yaxşı bal götürə bilməzsən. İndi aran balını süzürük. Artıq yekunlaşmaq üzrədir. Məhsuldarlıq da bizi qane edir. Bal süzümündən sonra çiçək tozlu çərçivələri arılara verəcəyik ki, normal qışlasınlar və öz balalarını qidalandırsınlar. Bizim region üçün səciyyəvi olan Boz Qafqaz arısıdır və məhsuldarlığı ilə seçilir. Digərlərinə nisbətən bu arıların xortumu uzun olur ki, bu da bitkilərdən şirə çəkməyi asanlaşdırır”, - deyə o bildirib.

Arıçı əldə etdiyi balı Yaponiyadan olan müştərilərlə yanaşı, yerli bazarda da satır. Bir kiloqram balın qiyməti isə 35 manatdır. Əziz Ələkbərov deyir ki, müştəri sarıdan çətinliyi yoxdur. Keyfiyyətli balın müştərisi hər zaman çox olur.

Müasir texnologiyanın təkmilləşməsi sənaye avadanlıqlarına da təsirsiz ötüşməyib. Təcrübəli arıçı bildirir ki, bu, müsbət hal olsa da, bəzi saxtakarlar bundan istifadə edirlər. Belə ki, işbazlar arıçılıq məhsullarının tərkibinə müxtəlif qarışıqlar əlavə edirlər və nəticədə təmiz, təbii balı keyfiyyətsizindən ayırmaq çox çətin olur.

Əziz Ələkbərov alıcılara məsləhət görür ki, ancaq inandıqları, tanıdıqları arıçılardan bal alsınlar.

Quba rayonunda, ümumilikdə, 10 minə yaxın arı ailəsi saxlanılır. Bu il arıçılıq təsərrüfatlarından 50 tondan çox bal əldə olunub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR