Slimfit
  1. MEDİA

Rəyasət heyətinin növbəti iclası keçirilib

Rəyasət heyətinin növbəti iclası keçirilib
Sakura

Rəyasət heyətinin növbəti iclası keçirilib

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdən öncə iclas iştirakçılar xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə” müsabiqəsinin, eləcə də “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib.

İclasda “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Murado­v “Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim Azərbay­can xalçaçılığının öyrənilməsi istiqamətində aparılan tədqiqat işlərinin sistemləşdirilməsi, xalçaşünaslıq elminin müstəqil, konseptual və fundamental şəkildə formalaş­ma­sı, bu istiqamət üzrə elmi ixtisaslı kadrların hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Arxe­o­lo­­­giya və Etnoqrafiya İnstitutunun nəzdində Xalçaşünaslıq sektoru yaradıldığını xatırladıb. Natiq vurğulayıb ki, milli xalçaçılıq tarixi Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbələrdən biri kimi araşdırılır, Azərbaycan xalçaçılıq sənəti tarix, etnoqrafiya, iqtisadiyyat, sənətşünaslıq, folklor, etno­bo­­ta­ni­ka və digər elmlərin kontekstində praktik və nəzəri materiallar əsasında öyrənilir, Azər­bay­can xalçaçılığının dünya xalçaçılıq tarixində yeri və mövqeyi tədqiq edilir, ölkəmizdə xalçaların istehsalının, ticarətinin təşkili, beynəlxalq bazara çıxarılması yolları öyrənilir, milli xalça çeşnilərinin yaranma və təkamül prosesi araşdırılır, unudul­muş xalça çeşniləri aşkara çıxarılaraq bərpa edilir və digər tədqiqat işləri aparılır.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, tapşırıqlar verilib, müvafiq qərar qəbul edilib.

Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) 2017-2018-ci illərdəki fəaliyyəti haqqında hesabatı dinlənilib. AHİ-nin sədri, hüquq elmlər doktoru Habil Qurbanov bildirib ki, hesabat dövründə AHİ akademiya əməkdaşlarının sosial həyatlarında onların problemlərinin həlli yolunda yaxından iştirak edib. AMEA-nın müasir dövrün çağırışlarına cavab vermək əzminin həmkarlar təşkilatı qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayan sədr diqqətə çatdırıb ki, akademiyada gedən islahatların daha səmərəli nəticə verməsi üçün təşkilat əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirib.

Müzakirələrdən sonra hesabat qənaətbəxş hesab edilib, bir sıra tapşırıqlar verilib.

İclalasda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatların 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib. Vurğulanıb ki, Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na və AMEA prezidentinin 3 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq AMEA-nın doktorantura və dissertanturasına qəbul həyata keçirilib.

Rəyasət Heyəti qəbulun nəticəsini təsdiq edib.

Gündəlikdə yer alan növbəti məsələ “AMEA-nın 2018-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi ilə bağlı olub. Rəyasət Heyətinin qərarı ilə məcmuənin çap olunması üçün tapşırıq verilib.

Sonra prioritet istiqamətlər üzrə elmi tədqiqat proqramları məsələsinə baxılıb. Elmi tədqiqat işlərinin müasir və aktual prioritet elmi istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək və onların maliyyələşdirilməsini təmin etmək məqsədilə AMEA-nın elmi bölmələri və elmi müəssisələri tərəfindən 2020-2025-ci illərdə aparılacaq elmi tədqiqatların prioritet istiqamətləri haqqında təkliflərə baxılıb, müzakirə aparılıb.

Rəyasət Heyətinin qərarı ilə nanotexnologiyalar və nanostrukturlar, intellektual texnologiyalar və  sistemlər, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, kataliz və yeni materiallar kimyası, neft kimyası, üzvi sintez, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, Azərbaycanda sosial və etnik proseslərin öyrənilməsi, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsirinin proqnozlaşdırılması və digər mühüm istiqamətlər üzrə elmi tədqiqat proqramları təsdiq edilib.

Daha sonra “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi məsələsinə baxılıb. Bildirilib ki, “AMEA-nın professoru” adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür. Qeyd olunub ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə bilərlər.

Tədbirdə AMEA-nın xatirə nişanlarının təsis edilməsi məsələsi də müzakirə olunub. Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərin adına  xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı da təsis olunub.

İclasda AMEA-nın Biofizika İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə “Molekulyar və hüceyrə onkologiyası” laboratoriyasının yaradılması haqqında, AMEA-nın Botanika İnstitutunun elmi nəşri “Plant & Fungal Research” jurnalının Redaksiya Heyətinin təsdiqi haqqında qərarlar qəbul edilib.

Həmçinin AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi  işçisi Həmayıl Adıgözəlzadənin Almaniya Federativ Respublikasının Leibniz adına Potsdam Astrofizika İnstitutuna, AMEA-nın Nəbatat Bağının şöbə müdiri Yusif Abiyevin Türkiyənin Qaradəniz Texniki Universitetinə, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun Polşanın Adam Mitskeviç Universitetinə, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqovun İtaliyanın Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutuna ezam edilmələri haqqında qərarlar verilib.

Digər qərarlarla AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileylərinin keçirilməsi təsdiq edilib.

 

AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR